Şeirlər

Uşaq Şeirləri

Uşaq şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz.
Statuslar.az olaraq Uşaqlar üçün bir-birindən gözəl 10 şeiri sizlər üçün bir araya topladıq.

1) Balaca qızcığaz (Solmaz Şirin)


Balaca qızcığazam,
Əlimdə gəlinciyim.
Bir nəğmə, bir avazam,
Xoşbəxtdir gələcəyim.

Anamı çox sevirəm,
Atamdır qibləgahım.
Onlarçın mən əsirəm,
Saxlasın qoy Allahım.

Mən gözəl-göyçək sənəm,
Başımın tacı-atam.
Həmişə şipşirinəm,
Olmaram acı, atam!

Öyrənir gəlinciyim
Məndən hər ləyaqəti.
Qoymayır heç inciyim,
Qoruyur məhəbbəti.

2) “Bənövşə”( Abdulla Şaiq)

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

3) “Çiçək qız”( Zahid Xəlil)

Bu qız sevir təzəcə
Açılan hər çiçəyi.
Çiçəklər də çox sevir
Bu alyanaq göyçəyi.
Bir də gördün başında
Çiçəkləri saç etdi.
Yumruladı, bəzədi,

Bir rəngbərəng tac etdi.
Qızıl söyüdlər kimi
Böyüdü, cilvələndi.
Çiçəkli saçlarından
Ətrafa nur ələndi.
Musiqi çalınanda
Süzdü kəpənək kimi.
O məktəbə yollandı
Bir dəstə çiçək kimi.

Məktəbin həyətində
Nə çox çiçək var imiş,
Demə məktəb həyəti
Böyük çəmənzar imiş.

4) Qərənfil( Abdulla Şaiq)

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.

Mən, bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

5) Uşaq bağçası(Şirinxanım Kərimbəyli)

Uşaq bağçası bu gün
Bürünüb al qumaşa.
Hər gülüş xoş səda, ün,
Hər körpə bir tamaşa.

Gülür, oynayır qızlar,
Oğlanlar yallı gedir.
Bu balaca ulduzlar
Adamı heyran edir.

Onlar dostların belə,
Məktəbə yola salır.
Şeirlər axır dilə,
Qızlar piano çalır.

Körpələrin gözləri,
Gülüşdən pərvazlanır.
Tükənməyir sözləri,
Ürəklər avazlanır.

Beləcə bayram edir,
Son bağça günün onlar.
Ayrılıq çatıb nədir?
Ayrılacaq ünvanlar.

6) “Mənim əziz müəllimim”(Təhminə Hümbətova)

Bu gün Sizin gününüz,
Sevinc dolu bayramdır.
Qəlbimizdə hər sözünüz,
Qayğınız bizə doğmadır.

Müəllim adınızla,
Daim ucalasınız.
Örnək həyatınızla,
Nümunə olasınız.

Mənim gözəl müəllimim,
Təbrik edirəm Sizi.
Bircə arzum var mənim,
Qazanım sevginizi.

7) “Ana” (Mirvarid Dilbazi)

Əziz ana, can anam,
Mənim mehriban anam.
Arzum budur hər səhər
Səndən əvvəl oyanam.

Gecələr oyaq anam
Ömrümə dayaq anam.
İstərəm tez böyüyüb,
Qulluğunda dayanam.

8) “Dünyaya uşaq gəlir” (Ələmdar Quluzadə)

Ətirli, gül-çiçəkdi,
Yazdı, bahardı uşaq.
Dodaqda bal kimidir,
Budaqda bardı uşaq.
Günəşin zərrələri,
Yazın yağışıdır o.
Gözümüzün işığı,
Ərzin naxışıdır o.
Uşaq tək əzizlənən
Silahlar uşaq deyil.
Dünya ilə oynama,
Dünya oyuncaq deyil.
Əsək uşağın üstdə,
Kəsək yolunu şərin.
Uşaq səsindən gözəl
Nəyi var ki, bəşərin.
Kini, küdurəti yox,
Vicdanı dümağ gəlir.
Dünya ayağa qalxsın,
Dünyaya uşaq gəlir!
Uşaq gəlmir bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir bu qoca
Dünyanı yaşatmağa.

“Səhər”( Abdulla Şaiq)
Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar.

Bir nur içində qaldı,
İşıq dünyanı aldı,
Üfüq alışdı-yandı,
Quşlar bütün oyandı.
Ötüşdü şadü-xəndan,
Səs ilə doldu orman.

9)Anamız Azərbaycan (Hikmət Ziya)

Yurdumdur Azərbaycan,
Qoluyam qanadıyam.
O, mənim doğma anam,
Mən onun övladıyam.

Ona mənim atam da,
Anam da “ana” deyir.
Ona mənim nənəm də,
Babam da “ana” deyir.

10) Məktəbə get, dərs oxu( Abdulla Şaiq)

Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.

Oxşar yazılar:

Uşaqlara aid statuslar
Nənəyə aid şeirlər
Bacıya aid şeirlər

5/5 - (1 vote)

Back to top button