Şeirlər

Ata şeirləri

Ataya aid seirlər, ata seirleri, ata seiri

Salam ay Ata

Nə müddətdir uzağam,
Gülüşündən, səsindən.
Qayğılı baxışından,
Narahat nəfəsindən,
Salam, ay ata, salam.

Övlad, əlindən çıxıb,
Suya düşən balıqdır.
Qonşudan yadam sənə,
Nə ata-balalıqdır,
Salam, ay ata, salam.

Mən ərsəyə çatınca,
Sən nələr düşünmüsən.
Saysız əzablar çəkib,
Qəm atına minmisən,
Salam, ay ata, salam.

Vəzifəmi, borcumu,
Elə bilmə, qanmıram.
Həyat elə həyatdı,
Borcundan çıxammıram,
Salam, ay ata, salam.

Uçmuşuq yuvamızdan,
Qanadlanmış qış kimi.
Yadıq bir-birimizə,
Bahar ilə quş kimi,
Salam, ay ata, salam.

Bu işıqlı dünyanı,
Yurdu bəxş etdin mənə.
Bir quruca salam da,
Verə bilmirəm sənə,
Salam, ay ata, salam.

Bəlkə də, inciyirsən,
Xətrinə dəyirəm mən.
Hər gün divardan baxan,
Şəklinə deyirəm mən:
— Salam, ay ata, salam!

Ata seiri

Ata həsrəti

Ata, yoxluğuna necə tablaşım,
Sənsiz qurumayıb hələ göz yaşım.
Keçir dərd içində baharım-qışım,
Heç vaxt qınamasın qoy, nadan mən –
Ata həsrətidir, sızladan məni!
* * *
Elə bil fırlanır başıma dünya,
Dönüb qar-sazaqlı qışıma dünya.
Ta gəlmir nədənsə xoşuma dünya,
Sıxır için-için ürək-can məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Kaş, atam dirilib geriyə dönə,
Sığınam Tanrının böyüklüyünə…
Dikmişəm gözümü hər gələn günə,
Nə eşq ovundurur, nə ad-san məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Sanki suya həsrət bomboş səhrayam,
İşığı qeyb olan ulduzam, ayam.
Heyim qalmayıb ki, günləri sayam,
Qoparıb kökümdən bir tufan məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Dikəldə bilməyir Seymur qəddimi,
Tapdamaq çətinmiş dərdin rəddini…
Dinmədim, qəm-kədər aşdı həddini,
Tutub elə bil ki, nahaqq qan məni –
Ata həsrətidir sızladan məni!

Müəllif: Seymur Sönməz

Menim atam

Mənim atam

Zəhmi ağır, özü ipək,
Əllər dəmir, ürək kövrək,
Gündə yanmış rəngi tunc tək,
Belə idi mənim atam.
Bir az ciddi, bir az şəndi,
Gözləri tox, ürək gendi,
Cib boş idi, qəlb zəngindi,
Belə idi mənim atam.
Sevərdi haqq-ədaləti,
Yox idi kin-küdurəti,
Var idi eldə hörməti,
Belə idi mənim atam.
Heç vaxt özünü öymədi,
Kimsəyə boyun əymədi,
Dilinə haram dəymədi,
Belə idi mənim atam.
Söz-söhbəti şəkər, noğul,
Danışardı çoxlu nağıl,
Hər nağılı hikmət, ağıl,
Belə idi mənim atam.
Getdi, gəlməz gözəl çağım,
Bir də dönməz o növrağım,
Ürəyimə çəkib dağı,
Belə getdi mənim atam.

Müəllif: Elçin Bağırov

Ana-ata

Ata – evin dirəyi
Ana – evin mələyi
Ata – evin işığı
Ana – ev yaraşığı
Ata – qolum qüvvətim
Ana – ilk məhəbbətim
Ata – canım, qanımdı
Ana da Sol Yanımdı.

Ata yaxsidir

Qurandı Ata

Qohum da yaxşıdır, dost da yaxşıdır,
Birinci arxanda durandı ata.
Hər acı günündə ağlayar ana,
Həyat yollarını qurandı ata.

Əlimizdən tutub cürət verəndə,
Nəsihət verən də, qeyrət verən də,
Bizə say öyrədib, elm öyrədən də,
Kitablar içində Qurandı ata.

Müəllif: Qaraxan Əkbəroğlu

Ata haqqında şeirlər, ataya aid şeir, ata şeiri

Ay ata

Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.

Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.

Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.

Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.

Müəllif: Cavid Qurbanov

Ay ata

Ata hesretinle yanir ureyim
Seni gormek arzum tek bir dileyim
Yixildim kimse olmadi komeyim
Niye qoydun meni tek tenha getdin ata.

Sen yoxsan yixilsam budresem menim
Hec kim qolumnan tutmaz ay ata
Qanadi qirilmisi sair atasi
Bir bele arxayin yatmaz ay ata.

Müəllif: anonim

Ata şeiri

Necə izah eliyim mən bu dərin dəryanı
Çünki yazmaqa qurtarmaz bu böyük mənanı
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa demək boşdu bu dünya atasız.

Sevsə hər kim atanın saxlasa gəl hörmətini
Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma yerə zəhmətini
Çox çətindir eləmək bir işi bərpa atasız.

Bir kəsinki ola var dövləti cahu-celalı
Xalq arasında şanı,şöhrəti əqli-kamalı
Ola qardaş bacısı dostları əhli-əyalı
Yenə hiss eylər özün dəhridə tənha atasız.

Tanri xəlq eyləyib insanı gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə cahana
Nə qədər dahi müqəddəs böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq əsla atasız.

Bir nəfər vardı Məsiha deyim ondan yeridir
Qeybidən xəlq olub qeybə çəkilmiş diridir
Buda Pərvərdigarın möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa atasız.

ATA


Qəlbimdə döyünən, qəlbimdə vuran,
Dağ kimi vüqarlı arxamda duran.
Yolumda Fərhad tək dağları yaran,
Sənə qurban olsun ürəyim, ata!

Çox çəkmisən məndən ötrü zəhməti,
Verməmişəm layiqincə qiyməti.
Dizimin taqəti qolum qüvvəti,
Həmişə dayağım, gərəyim ata.

Ayağıma bir daş dəysin qıymadın,
Bir kimsəyə möhtac olum qoymadın.
Qayğı çəkdin yorulmadın, doymadın,
Hər zaman ümidim, gərəyim ata.

Müəllif: Ülvi Aydın

Atam, anamdır canım

Ata, şanım-şöhrətim!

Ata, şanım-şöhrətim!
Varlığı, var-dövlətim!

Xəlq edib məni Atam,
Həyatı verib Anam!
Məni yaradıb varam,
Bu gün-sabah, mən yoxam!
Atam-Anam, sərvətim!

Ata, uca Vüqarım,
Sözü möhkəm İlqarım!
Yeganə Əliyarım,
O, arxa-dayaq, yarım!
Ata, taqət-qüdrətim!

Ata, tarix-kitabım,
Şan-şöhrəti, xitabım!
Ata, sual-cavabım,
Din-imanı, savabım!
O, səcdə, itaətim!

Damarda axan qanım,
Atam, Anamdır canım!
Uşaqlıqdan Heyranım,
Raufdur şah Zamanım!
O, qiblə ibadətim!

Müəllif: Rauf Cavad

Bu yazını dəyərləndir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button