Şeirlər

Nənəyə aid şeirlər

Nənəyə aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq Nənələr haqqında bir-birindən gözəl şeiri sizlər üçün bir araya topladıq.
Bu Şeirlərdən ilk 4-ü uşaqlar üçündür.

1️⃣ “Can nənəm” (Teymur Elçin)

Qucağında, nənə, sən,
Layla dedin mənə sən.
Mənim mehriban nənəm,
Əziz nənəm, can nənəm.

Böyümüşəm, nənə, mən,
Qoy tutum əllərindən.
Mənim mehriban nənəm,
Əziz nənəm, can nənəm.


2️⃣ Nənə
(Nənə haqqında uşaq şeiri)

Bir şəxs vardı ahıl,
Deyərdi mənə nağıl.
Qəşəngcə yelləyərdi,
O məni çox sevərdi.

Nənəm bənzəyir gülə,
Müğənni bülbüllərə.
Anamın anasıdır,
Evimin sonasıdır.


3️⃣ Hamının nənəsi (F.Sahib)

Nənəmi sən də
Gəl yaxşı tanı.
Mənim nənəmtək
Bir nənə hanı?
Sevir böyüklər,
Uşaqlar onu.
Sevir dəcəllər,
Qoçaqlar onu.
Əgər çağırsan,

Ay can! – söyləyib
Dinəsidir o.
Təkcə mənim yox,
Elə hamının
Nənəsidir o.


4️⃣ Nənəm və mən (Solmaz Şirin)


Nənəmi çox sevirəm,
Canım kimi əzizdir.
Hər nə desə, edirəm,
Hər bir sözü ləzizdir.

Allahıma şükür ki,
Oxşamışam nənəmə.
Böyümüşəm axır ki,
Yetirəm bir dənəmə.

Həm gedirik gəzməyə,
Həm ev işi görürük.
Qoymayıram bezməyə,
Gül-çiçəklər dəririk.

Oxşayıram nənəmi,
Saçlarını hörürəm.
O da sevir çox məni,
Gözlərindən görürəm.


5️⃣ Bir nənəm vardı mənim (Naməlum)

Bir nənəm vardı mənim,
Çox vaxt o saxlardı məni,
Hər görəndə sevinib
Öpüb qucaqlardı məni

Onu görcək sarılardım
Tez onun boynuna mən
Həmən öpmək istəyərdim,
O qabaqlardı məni.

Dərd edərdi balaca soyuq dəyəndə canıma
Tez dönərdi O mənim
Doktoruma, dərmanıma
Salardı kürəyimə bankə
Oturardı o yanıma.

Keçinin diliylə də
ovardı yağlardı məni
Bir nənəm vardı mənim,
Çox vaxt o saxlardı məni.


6️⃣ Mənim bir nənəm vardı (Balaş Azəroğlu)

Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı
O geyimi, sakit yerişi, ağır tərpənişi
Titrək əllərinin mehriban nəvazişi ilə
Başqa nənələrə oxşardı.
Nənəm hər gün o başdan durar
Əvvəlcə namazını qılar
Sonra düz bir tabaq xəmir yoğurar, təndir qalardı.
Dan söküləndə karvanqıranı yola salardı,
Sonra da astadan deyərdi:
Durun, ay uşaqlar xəmir əldən getdi.
Qalxardı yataqdan gəlinlər, qızlar
Mən bilməzdim o zaman dünyada nə var
Səhər gözümü açıb otağın baş ucunda
Cərgə-cərgə düzülmüş üstünaxışlı fətirləri görərdim.
Bir də təndirin qırağında qaynayan çaydanı
Mən belə görmüşdüm dünyanı.
Bir gün evimizdə hamıdan qabaq duran
Fətir bişirib, çay qoyan
Bizi işə, zəhmətə, ruziyə, nemətə səsləyən nənəm
Evimizdə hamıdan qabaq getdi bu dünyadan
Nənəm öldü, özü demiş biz onu axirət evinə yola saldıq.
Hamımız nənəsiz qaldıq
Atam şəhərdən rəngli bir saat aldı
Bizi vaxtında oyatsın.
Gəlinlər, qızlar hərasan yatdılar
Xəmir vaxtında gəlsin, təndir vaxtında çatsın.
Nəvələr də yata bilmədilər doyunca.
Sübh olunca qaldırdılar bizi:
Ey, tənbəllər qalxın yuxudan
Durun, durun su gətirin, çaydanı doldurun.
Hamı deyirdi bir-birinə
Ancaq nənənin yeri görünürdü yenə.
Günəş qalxır, atam öküzləri qoşurdu
Hələ nə çay qaynayır, nə də fətir bişirdi.
Elə bil nənəmlə getmişdi evimizin nizamı, qaydası
Nə gəlinləri harayı, nə də saatın sədası
Sakit yerişli, ağır tərpənişli nənəmin yerini vermirdi.
Niyə? Heç kəs bu sirri bilmirdi.
Hər səhər oyananda yadıma düşürdü
Otağın baş ucunda çin-çin yığılmış üstünaxışlı fətirlər
Bir də təndirin qırağında qaynayan çaydan
Sonra eh, nə deyim.
Bir zaman bu gözəl dünyada
Mənim də bir gözəl nənəm vardı.
Evimizdə o, hamıdan qabaq oyanardı.

Oxşar yazılar:

3.4/5 - (5 votes)

Back to top button