Şeirlər

Nüsrət Kəsəmənli Şeirləri

1) Sənin xatirinə…(Nüsrət Kəsəmənli)

Nə yazsam sevgidən yazır
Qələm, sənin xatirinə.
Hicrandan boynu bukulu
Mənəm, sənin xatirinə.

Yolumu duman bağlasa,
Köksümü həsrət dağlasa.
Gözlərimdə sel çağlasa
Gülləm, sənin xatirinə.

Gəl yandırma dilin ilə,
Çox oynama külüm ilə
Son tikəmi sənin ilə
Bölləm, sənin xatirinə.

Bilmirəm, mələksən, nəsən,
Can verərəm, can istəsən.
Bircə kəlmə öl söyləsən,
Ölləm, sənin xatirinə.

May, 1996


2) Qadasın aldığım…(Nüsrət Kəsəmənli)

Çöl mənimdi, çiçək sənin,
Gül sənindi, ləçək mənim,
Əl mənimdi, ətək sənin,
Kəsmə, qadasın aldığım.

Səndən sonra yoxdu yolum,
Sən oldun qanadım, qolum,
Öldür məni, qurban olum,
Küsmə, qadasın aldığım.

Batır məni ümman kimi,
İtir məni duman kimi,
Başımda bir tufan kimi
Əsmə, qadasın aldığım.

Yolları yorub gələrəm,
Tilsimi qırıb gələrəm,
Qəbrdən durub gələrəm,
Səslə, qadasın aldığım.

Bir dərya ol gəmim üçün,
Bir əlac ol qəmim üçün,
Sən özünü mənim üçün
Bəslə, qadasın aldığım…

3) Gələcəyəm(Nüsrət Kəsəmənli)

Təki vədələşək,
ay ömrüm-günüm,
Sabaha bu qədər bədgüman olma.
Qətrə ol,
yaxın ol, bəssən mənimçün
Uzaqda görünən boz duman olma.
Dayanaq üz-üzə iki sahiltək,
Məhəbbət arada bir ümman olsun.
Baxım gözlərinə gülümsəyərək,
Səni qoy vüsalım əlimdən alsın.
Təsadüf aranı kəssə,
yenə də
Dərdimi səninlə böləcəyəm mən,
Hissimi, duyğumu bir məktub edib
Sənin göruşünə gələcəyəm mən.

Yenə sərhədlərdə güllə atılıb,
Əsəblər bir tarım sim olub indi.
Yenə yuxulara qorxu qatılıb,
Təki dinclik olsun…
olmasa, işdi –

Bizi ağuşuna ayrılıq alsa,
Araya sərhədlər düşəsi olsa,
Bir həsrət bürüsə göyü, yeri də
Qorxma…
məhəbbətim elə odludur,
Əridər tikanlı məftilləri də.
Vətənçün,
Səninçün oda da düşsəm
Yox, yox ağlamaram,
gələcəyəm mən.
Əlimdə bir dəstə zəfər çələngi
Sənin görüşünə gələcəyəm mən.
Ömrümüz həyatın qolları üstə
Bəzən oyaq olur,
Bəzən mürgülü.
Bizim hicranımız anlar bükülü,
Düşmüşük məhəbbət yolları üstə.
Durmuşuq biz iki yol ayrıcında
Birində vüsaldır,
Birində həsrət…
Sən ver əllərini bir dəstə gültək
Götürüb dünyanı gəzəcəyəm mən,
Vədə ver, vədə ver sabalı görüşək.
İşıqlar söndümü,
Gecə keçdimi
Çıxıb qaranlıqdan bir günəş kimi
Sənin görüşünə gələcəyəm mən.

Oktyabr, 1968

4) Məndən qaçmayasan (Nüsrət Kəsəmənli)

Umıdımsən sən mənım,
Buludunam mən sənin,
Elə örtmüşəm səni
Şəfəqini özgəyə
Günəştək saçmayasan…

Sən ömrümə gərəksən,
Mənə susan, çörəksən,
Göydən gəlmiş mələksən,
Qanadını qırmışam,
Geriyə uçmayasan.

Başımda dağın qarı,
Gəlirəm sənə sarı.
Mənim əllərimdədir
Ürəyinin açarı,
Elə kilidləmişəm,

Sən məndən başqasına
Könlünü açmayasan.
Gəl könlümü ovundur,
Bu, könüllü ovundur,
Məhəbbətim, sevgilim,
Könüllü buxovundur
-Son məndən qaçmayasan!..
Noyabr, 1995

5) Ömürdən bir gün də…(Nüsrət Kəsəmənli)

Ömürdən bir gün də keçdi, beləcə,
Yarı yuxuludur,
Yarı oyaqdır,
Duyğular qoynunda ötən bu gecə
Kiminsə ömrünə qayıdacaqdır.

Ömürdən bir gün də keçdi beləca;
Bir gün də gecədə pul kimi itdi,
Peşiman bir gözəl qayıtsın necə,
Özünü bir qəlbdə öldürüb getdi…

Ömürdən bir gün də keçdi beləcə;
Dumanlar içində yuxudu bəlkə,
Kimsə bu günümə bəlkə güləcək,
Kimsə yazdığımı oxudu bəlkə…

Ömürdən bir gün də keçdi beləcə;
Getdi…
bir ümidə güman azaldı.
Bir xəstə bildi ki, mütləq öləcək,
Deməli, möcüzə uman azaldı.

Ömürdən bir gün də keçdi beləcə;
Qəbristan youna təzə iz düşdü.
Bir ana bətninin qaranliğından
Çarpayı üstunə bir gündüz düşdü.

Ömürdən bir gün de keçdi beləcə;
Yaş bir balıq kimi sürüşür günlər,
Axan ulduzlarla ağlayır gecə,
Doğan günəşiylə gülüşür günlər.

Ömürdən bir gün də keçdi beləcə;
Bir kəl buynuzuna görən nə doldu?!
Birini sükanda haqladı əcəl,
Bir bağa çanağı külqabı oldu.

Ömürdən bir gün də keçdi beləcə;
Ömür kitabında vərəqlər ağdı.
Qapqara kölgəmdən bezib bu küçə,
Kölgəmi səkilər aparacaqdı…
Ömürdən bir gün də keçdi beləcə;
Səhəri günəşli,
Axşamı qürub.
Ömürdən bir gün də keçdi beləcə;
Görəsən qarşıda hansı gün durub?!

6) Qayıt (Nüsrət Kəsəmənli)

Sən getdin ömrümdən ilk bahar kimi.
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt,

Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt!

Boylandım arxanca mən sözlü-sözlü,
Gah aşkar ağladım, gah da ki gizli,
Yerini boş görüb, bir mələküzlü
Sevgiylə üzümə baxanda qayıt!

Uyma, hər nadannın sözünə, uyma,
Apar ürəyimi kəs qıyma-qıyma.
Məni yurdsuz qoyma, yuvasız qoyma,
Ayrılıq evimi yıxanda qayıt.

Adım ki, adınla qoşadır sənin,
Bilməzdim ürəyin daşdandır sənin,
Hələ ki, ümidlər yaşadır məni,
Tənhalıq qəlbimi sıxanda qayıt.

İyun, 1999

7) Sevə bilməzsən(Nüsrət Kəsəmənli)

Hələ qəlbimizdə xatirə izi,
Hələ ayrılığın nəmlidi gözü.
Hələ ki, sevirik bir-birimizi,
Başqa birisini sevə bilməzsən.

Gör neçə nəğmənin bəstəsi qalıb,
Bu ocaq sönübsə, tüstüsü qalıb.
Əlindo əlimin istisi qalıb,
Başqa birisini sevə bilməzsən.

İncidib, qəlbimə dəyə bilmirsən,
Yolunu biryolluq əyə bilmirsən.
Mənə “yox” sözünü deyə bilmirsən,
Başqa birisini sevə bilməzsən.

İl keçir, ömürdə xatirə qalır,
Bahar güllərimiz qönçədə solur,
Hələ ki, gözlərin məni axtarır,
Başqa birisini sevə bilməzsən.

Axar gözümüzün yaşı qurumaz,
Deyirdik bu ilqar, peyman pozulmaz,
Belə sevə-sevə ayrılmaq olmaz,
Başqa birisini sevə bilməzsən.

8) Sən niyə dəyişdin (Nüsrət Kəsəmənli)

Sən niyə dəyişdin, yaz buludutək?
Yumaz günahını bir dəniz sənin.
Sən indi ləçəyi tökülmüş çiçək;
Beləmi böyütdü kəndimiz səni?!

Söylə, kim qalıb ki, eşq ummayasan?
Qoy deyim.
Özün də, bil ki, nəçisən:
Ömründə bir qəzet oxumamısan,
Moda jurnalına abunəçisən!

Bir qəlbin üstünü duman, çən aldı,
Boyalar üzünə yaxıldığı gün.
Ülvi məhəbbətin ömrü qısaldı,
Donunun ələyi qısaldığı gün!

Demə ki, bəxtimin günəşi söndü,
Demə ki, pis gözün girinə düşdük.
Kəsdiyin hörüklər cüt yola döndü,
Hərəmiz bu yolun birinə düşdük.

Sən məndə acı bir xatirə qoydun,
Səni xatirədə tapam, sığınam!
Ayrılıq çətindir…
Bəs necə qıydın
Çatılmış qaşların ayrılığına?!

De necə baxırsan sən gülə-gülə?
Ruhumu yenə bir hicran oxudur.
Boyadın gözünü qara xətt ilə
Sandım ilk eşqimin nekroloqudur!

Omrümün qırılmış budağındakı
Məhəbbət adlanan son yarpaqmısan?
Boya yox!
Qanımdır dodağımdakı
Sən mənim qəlbimi parçalamısan.

Duyğular əlində bölündü iki,
Bilməzdim ömrümə sərt ayaz səni.
Elə dəyişibsən görkəmini ki,
İndi heç anan da tanımaz səni!..

Demə ki, bəxtimin günəşi söndü,
Demə ki, pis gözün girinə düşdük.
Kəsdiyin hörüklər cüt yola döndü,
Hərəmiz bu yolun birinə düşdük!..

9) Yalançı dostlarım(Nüsrət Kəsəmənli)

İnandım sizlərə, qəlbimi verdim
Doğru axtarırdım, min yalan gördüm.
Sizə arxalandım, çoxaldı dərdim,
Yalançı dostlarım, nə deyim sizə..
Şam kimi yandınız, pərvanə oldum,
Qış tək soyudunuz, gül kimi soldum,
Sizi dərdli görüb, divanə oldum,
Yalançı dostlarım, nə deyim sizə..
Güdaza nə qədər mərdi verdiniz,
Sevinc istəyirdim, dərdi verdiniz.
Mənə dərd çəkilmiş sərgi verdiniz,
Yalançı dostlarım, nə deyim sizə..
Mələk görkəmində nadan oldunuz,
Qadan alım dedim, qadam oldunuz.
Mən elə bilirdim adam oldunuz,
Yalançı dostlarım, nə deyim sizə..
Bir meyvə vermədi bar ağacınız,
Yağdırdı üstümə qar ağacınız,
Mənimçün hazırmış dar ağacınız,
Yalançı dostlarım, nə deyim sizə…

10) Getmək istəyirsən, bəhanəsiz get (Nüsrət Kəsəmənli)

Gətmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı…

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır.

Döşənib yollartək ayaqlarına
Sənə yalvarımmı?… bu mümkün deyil!
Qoymaram qəlbimtək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.

Demirəm sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə…

Getmək istəyirsən… O yol, o da sən…
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi… Nə vaxtsa dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən… Nə danış, nə din!
Yox ol uzaqlartək dumanda, çəndə…
Nəyimi sevmişdin? Deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə.

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı…

Bənzər yazılar:

Romantik Şeirlər
Sevgiliyə aid şeirlər
Həsrət şeirləri

Bu yazını dəyərləndir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button