Şeirlər

Romantik Şeirlər

Romantik şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Bir-birindən gözəl 6 romantik şeiri sizlər üçün bir araya topladıq.


1️⃣ “Gül sənin nəyinə gərəkdir, gülüm?” (Zəlimxan Yaqub)

Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli…

Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm,
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.

Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir,
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir.

Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər,
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər…


2️⃣ Görmədim (Rəsul Rza)
Çox gözlərə baxdım
səmavi, siyah,
qonur gözlərindən qəşəng
görmədim.
Bağlarda gül azdı,
dağlarda lalə,
dodaqların kimi çiçək
görmədim.
Hərcayi insanlar çox vədə verdi,
onlarda saf ürək, dilək
görmədim.
Çox qumaşa baxdım,
atlaza baxdım,
qumral sazın kimi ipək
görmədim.
Ürəklərə baxdım,
bir sərraf oldum,
qəlbin kimi böyük ürək,
görmədim.

Yer salıb könlümdə sağalmaz izi,
varmı bir qüvvət ki,
ayırsın bizi?


3️⃣ İstərəm (Əliağa Kürçaylı)

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.


4️⃣ Yağış yağır, sevgilim.(Azər Şirin)

Yağış yağır, sevgilim…
Tökülən hər damlasında sənin səsin
Bəzən şıltaqlıq həvəsin… Yağır yenə üz-gözümə
İslanıram istəyinin dənizində,
Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir…
Yağış yağır, sevgilim…
Səsin gəlmir qulağıma, darıxıram
Pəncərədən boş yollara hey baxıram…
Qorxuram ki, ürəyini sındırmışam
Bəlkə biganə qalmışam..?
Axı necə inandırım, hər kəlməmdə onun adı
Həm suyumda, çörəyimdə onun dadı..!
Unutmağı unutmuşam onun üçün
Bəs görəsən susur telefonum neyçün..?
Yağış yağır, sevgilim…
Uşaq kimi kövrəlmişəm
Qollarında uyuyardım mən bu gecə
Ətrinlə sərxoş olardım, bilsən necə…
Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!
Öpüşərdik gözümüzü yumub yenə
Toxunardı barmaqlarım köynəyinə..!
Saniyəni öldürərdik, dəqiqəni basdırardıq,
Saatlara hökm verib asdırardıq
Bu sevgiylə biz istəsək lap cahanı susdurardıq, inan mənə..!
Sən susmasan…
Bəlkə bu gün son günümdür
Onun üçün istədim ki, bircə kəlmə deyim sənə
Bilirəm ki, sən sevirsən
Yağış yağır, sevgilim…


5️⃣ Ayrılmayaq(Rəsul Rza)

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan:
mənəm, xəyalındır, bir də kədərdir.
Gəl, ört pəncərəni, qalaq üz-üzə,
bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran – dənizə
ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətlə biz
döysün qapıları külək doyunca.
Döysün, qoy açmayaq. Yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq!
Bir an vüsalınla çırpınsın ürək.
Sonra… sonra yenə biz ayrılmayaq!


6️⃣Sənin gözlərin (Mikayıl Müşfiq)

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,
Ulduzlar içimdə gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan,
Bir sərin,ziyalı,yaz səhərimdir.

Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım ruhumun şən işıqları
Qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan,gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?

Oxşar yazılar:

3.7/5 - (3 votes)

Back to top button