Şeirlər

Mənalı Şeirlər

Mənalı şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq bir-birindən mənalı 8 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣ Gözlərin (Zəlimxan Yaqub)

Nə sərin bulağı var,
Nə isti ocağı var,
Nə odlu qaynağı var,
Mənə baxan gözlərin!

Bəxtin uğuru billəm,
Gözümün nuru billəm,
Eşqini duru billəm
Mənə baxan gozlərin!

Giləsində inci var,
Dağ boyda sevinci var,
Tanrı qədər gücü var
Mənə baxan gozlərin!

Həm savabdı, həm günah,
Həm axşamdı, həm sabah.
Sehrinə bax, ay Allah,
Mənə baxan gözlərin!

Sevmişəm ədasını,
İçmişəm badəsini.
Mən alım qadasmı
Mənə baxan gözlərin!


2️⃣ Tanrı bizə ömür verdi (Ramiz Rövşən)

Çıxdıq zülmətdən işığa.
Tanrı bizə ömür verdi.
Özgələrə –
danışmağa,
Bizə –
susmağa dil verdi.

Qıfıl asdı dilimizdən,
Qalxdıq, basdı belimizdən.
Nə aldısa əlimizdən –
Əvəzində səbir verdi.

Çox ömrü toya döndərdi,
Kimini aya göndərdi,
Bizi də suya göndərdi –
Əlimizə xəlbir verdi…


3️⃣ Biz niyə sevməyək bir-birimizi

Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?

4️⃣ Sən narın yağış kimi (Balaş Azəroğlu)

Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram.
Gözüm gözündən doymaz,
Qulağım səsindən.
Sinəm nəfəsindən.

Deyirlər, ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir.
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.

Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən.
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…

Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti.
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəyə hopmuya,
Hər yanda sözü qala.

Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram.

5️⃣ Ömür yolumuzu daş edən fələk (Gilə Əliqızı)

Parlayar səmada günəşin nuru,
Qara buludları silər darıxma.
Həsrətə,hicrana batan könlümüz,
Bir gün sevincində bölər, darıxma.

Ömür yolumuzu daş edən fələk,
Güllü yazımızı qış edən fələk.
Üzüb gözümüzü yaş edən fələk
Gün olar bizə də gülər, darıxma.

Sevən könülləri didən məhəbbət,
İllərin ayrısı edən məhəbbət.
Küsüb bəxtimizdən gedən məhəbbət
Nə vaxtsa qayıdıb gələr, darıxma.


6️⃣ Mənalı şeir (Nizami Gəncəvi)

Ümiddən əl üzmə, gəl çarə qılaq,
Göyərmək deyildir danədən uzaq.
Ümidsiz bir işdən, səbr etsən əgər,
Bir ümid işığı parlaya bilər.
Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar.


7️⃣ Deyilmi? (Bəxtiyar Vahabzadə)

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı – bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?

8️⃣Ulu Tanrım, şükür sənə! (Nəbi Xəzri)

Addımbaşı tikanları bitirdin ki,
Zər saçaqlı tər güllərə səcdə qılaq?
Cahilləri sən dünyaya gətirdin ki,
Az tapılan aqillərə səcdə qılaq?
Ulu Tanrım, şükür sənə!

Ürəklərə qızıl körpü sən atdın ki,
O körpüdən qəhrəmanlıq keçsin gərək!
Namərdləri bu qədər çox yaratdın ki,
Mərdlər azsa, qədrini biz yaxşı bilək?
Ulu Tanrım, şükür sənə!

Sən əzəldən könüllərə nur qatdın ki,
Torpaqlara qara çöksə zülmət deyək?
Küt baltalı cəlladları çoxaltdın ki,
Pambıqla baş kəsənlərə rəhmət deyək?
Ulu Tanrım, şükür sənə!

Ucalardan sən uca bir xəbərdin ki,
Dedin: inam halalca duz-çörəkdədir.
Bizə qeyrət dəllalları göstərdin ki,
Bilək qeyrət dildə deyil, ürəkdədir?
Ulu Tanrım, şükür sənə!

Sən göyləri xıncım-xıncım sındırdın ki,
Başımıza od yağsa da addımlayaq?
Ümidsizlik günəşini yandırdın ki,
Ümid şəmi parlayanda günəş sayaq?
Ulu Tanrım, şükür sənə!
Şükür sənə,
Dönə-dönə!

Oxşar yazılar:

Mənalı qısa şeirlər
Səni sevirəm şeirləri

Bu yazını dəyərləndir

Back to top button