Eşq şeirləri
Ən gözəl eşq şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Bir-birindən gözəl 13 eşq şeirini sizlər üçün bir araya topladıq.
Sənin üçün(Nəbi Xəzri)
Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.
Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.
Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!
Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.
Sevirəm ilk eşqim sevirəm səni
Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.
Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.
Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.
Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Sevgilim (Süleyman Rüstəm)
Hara getsən belə vurğun könlümü
Özünlə bərabər apar, sevgilim!
İşdir aparmasan, ilham atını
O sənin dalınca çapar, sevgilim!
Ayrılıq yüküdür kürəyimdəki,
Götür başından o qara örpəyi.
Sən gəl öz əlinlə ürəyimdəki
Yaranın közünü qopar, sevgilim!
Sıxdı pəncəsində səfalət səni,
Lakin yaşadacaq məhəbbət səni,
Hər yana getsən də, nəhayət səni,
Süleyman axtarıb tapar, sevgilim!
İstərəm (Əliağa Kürçaylı)
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.
Küsmərəm(Mikayıl Müşviq)
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!
Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm!
El içində bizə derlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm!
Eşq şeiri (Nəbi Xəzri)
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
Sevdim səni. (Yadigar Təvəkgül)
Sən bilirsən necəsən ?dəniz kimi, ümman kimi
Çəkirsən özünə vurğun edirsən adamı.
Üzməyə imkan vermir boğursan ,bir anda peşman olub,
Dərinliyinə götürüb sarılırsan nəfəs verirsən
Sənin gözlərinlə günəş doğur ay batır
Sənin qoynunda sayrışan ulduzlar yatır
Sən göylər kimisən: saf təmiz parlaq eşq dolu .
Doyum olmaz ətrinə ,bürünəndə bihuş edərsən.
Sən bulud kimisən: dolar ,dolar yer üzününə yağışla toxunar
Torpaqda izini qoyub,ruhu isladıb gedərsən
Sən günəşsən :dünyaya həyat verən atəşsən
Hey yanar bəşər hey ətrafınında dolarnar
Bütün gözəllikləri günəşə bənzədırləre
Heç kim düşünməz amma günəşin dərdini nədən alışıb yanar
Sən aysan :gündüzlər isti, gecələr buz kimi olursan
Istin üşüdür adamı soyuqluğun yandırıb yaxır
Sənin həsrətin o qədər ağır olur ki
Ruhumun canı çıxır.
Sən təbiət kimisən:fəsillərlə dolu birisən
Yazın dumanlı ,yayın boranlı payızın yağışlı qışın günəşli
Çox fərqlisən həyat kimi çətin:yaşamaq kimi şirinsən
Sən həsrətsən:əllərimin çatıb sarıla bilmədiyim həsrət
Ovucumun içindəki su kimi süzülürsən barmaqlarım arasından
İçə bilmirəm,içmədən keçə bilmirəm
Sən atəşsən yaxın olduqca üşüdürsən
İsitməkdənsə
Sən duzsan:ağız dadımda olmasan olmazımsan
Nə qədər yaxın olsan da ömrümdə qalmazımsan
Sən əzan səsisən:eşidilsəndə namazına sarıla bilmədiyəcəyim günahıma
çevrilən səs
Bilirsənmi necəsən?
Sən sadəcə ölüm kimi gözəl və özəlsən
Bir gün gəlib alıb gedəcəksən bilirəm
Çünki sən :elə sənsən onun üçün sevdim səni.
Rəssam, sevgilimin rəsmini gəl çək | Müəllif Ömər Xəyyam
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…
Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim
Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim.
Eşq! (Maga Kərimli)
Gecə xəyalıyla yatıb hər səhər
Görmək ümüdüylə oyanmaqdı eşq.
Həyata baxmaqdı nağıllar kimi
Min bir möcüzəyə inanmaqdı eşq
Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq
Hər şeydə biraz o, düşünür adam
Havada ayrı tam, suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq
Ovcunun içinə həyat yerləşir
Sıxırsan buludu, ayı, günəşi
Yerdə nə baş verir? nəbilim əşi
Göylərin üstündə dolanmaqdı eşq
O qədər yıxılıb qaçan, tələsən
Yerində bərk dayan, deyim biləsən
Hər şey məhv olacaq biraz büdrəsən
İncə ip üstündə dayanmaqdı eşq.
Şirin nağıllara inanmaqdı eşq…
Ayrılıq şeiri (Arzu Hüseyn)
Anlaşa bilmədik nə Sən, nə də mən,
Bəs niyə ürəyim yanan ocaqdır?
Əlvida ayrılıq deyil, Birdənəm,
Ayrılıq – əslində darıxmamaqdır.
Mən Sənə nə deyim?! O yol, o da Sən…
İntizar yolunun üzü gecədir.
Əlvida ayrılıq deyil, Birdənəm,
Ayrılıq – ümidlər can verincədir.
Demirəm bu eşqin önündə əyil,
Sevgi qəfəs deyil, azad olmaqdır.
Ayrılıq həsrətdən boğulmaq deyil,
Ayrılıq – onsuz da nəfəs almaqdır.
İndi əllərinin təsəllisi nə?
Özgə dodaqların dadı neCədir?
Əlvida ayrılıq deyil, Birdənəm
Ayrılıq – inadın tükənincədir…
İlk Eşq
Yenə xoş bir gecədə gözlərimdəsən
Qəlbimin ən dərin yerlərindəsən
Ancaq sən bunları hardan biləsən
Çünki sən qarşılıqsız ilk eşqimsən
Beynimdə sənsən, düşüncəmdə sən
Sevincimdə sənsən, kədərimdə sən
Dünyaya bağlanan incə tellərim
Həyata bağlanan həyat eşqimsən.
Bir neçə gündür ki acı çəkirəm
Səni xoşlayıb bəyəndiyimçün
Günlərdir beynimlə dava edirəm
Ürəyimlə səni sevdiyim üçün
Mən hər şeyi düzgün sərrast sevirəm
Beynimi qəlbimdən üstün bilirəm
Neçə gündür özümə sual verirəm
Axı necə olur ki onu sevirəm?
İnsanlar sevgidən dad çıxarırkən
Bəs mən niyə üzülüb acı çəkirəm?
İmkansız olduğun mən düşünürkən
Bəs niyə qəlbimə söz keçirmirəm?
İradəm tərk edib sevgidə məni
Məntiqimsə susub bir kənardadır.
Beynim qəbul etmir hələ də sevgini
Ürəyimsə sənlə alışıb-yanır.
Bəs nevə olduki bir anda gəlib
Qəlbimi beynimi dağıldıb getdin
Qalan hər şeyini məndən aparıb
Ürəyini məndə saxlayıb getdin
Düzdür xəbərsizsən mənim sevgimdən
Sənə qarşı olan fikirlərimidən.
Çünki mən deməsəm bilə bilməzsən
Axı sən məni bir dost bilirsən.
Fikirlətim dolaşıb, nitqim quruyub
Qələm isə yazmağa sözlər axtarır.
Səni düşünməkdən beynim də durub
Vərəq isə yarımçıq ağappaq qalıb.
Heç vaxtı bilməzdim mən də kimisə
Beləcə sevərəm belə düşünərəm
Ömrümdə heç kimə demədiyim qədər
Beynimlə qəlbimə yalan deyərəm.
Hər gün söyləyirəm onu sevmirəm
Ancaq iş ondadır onlar aldanmır.
Deyirəm mən heç vaxt onu düşünmürəm
Beynim dəlillərlə məni yalanlayır.
Əslində mən sevə bilmərəm səni
Axı gözümün önündə onu sevirsən
Əslində düşünə bilmərəm səni
Axı sən hər dəqiqə onu düşünürsən.
Bilmirəm sən necə onu sevirsən
Axı səninlə bağlı o heçnə bilmir
Öz könlünü niyə ona vermisən
Axı sən sevdiyin qədər o səni sevmir.
Mən indi necə bir insan olmuşam
Heç özüm də bunu bilə bilmirəm
Başqası sevdiyin sevən olmuşam
Özümdə bilmədən aşiq olmuşam
Söyləyin bumudur bumudur sevgi?
Başqasını sevdiyini görə bilməkmi?
Söyləyin acı çəkməklə olurmu sevgi?
Yoxsa insan kimi dümdüz sevməli?
Sənin hər düşüncən ona aiddir
Mən onlar arasında yer ala bilmirəm
Sevgində nifrətində ona aiddir
Mənsə kənarda durub gözləməkdəyəm.
Yağış yağır, sevgilim.(Azər Şirin)
Yağış yağır, sevgilim…
Tökülən hər damlasında sənin səsin
Bəzən şıltaqlıq həvəsin… Yağır yenə üz-gözümə
İslanıram istəyinin dənizində,
Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir…
Yağış yağır, sevgilim…
Səsin gəlmir qulağıma, darıxıram
Pəncərədən boş yollara hey baxıram…
Qorxuram ki, ürəyini sındırmışam
Bəlkə biganə qalmışam..?
Axı necə inandırım, hər kəlməmdə onun adı
Həm suyumda, çörəyimdə onun dadı..!
Unutmağı unutmuşam onun üçün
Bəs görəsən susur telefonum neyçün..?
Yağış yağır, sevgilim…
Uşaq kimi kövrəlmişəm
Qollarında uyuyardım mən bu gecə
Ətrinlə sərxoş olardım, bilsən necə…
Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!
Öpüşərdik gözümüzü yumub yenə
Toxunardı barmaqlarım köynəyinə..!
Saniyəni öldürərdik, dəqiqəni basdırardıq,
Saatlara hökm verib asdırardıq
Bu sevgiylə biz istəsək lap cahanı susdurardıq, inan mənə..!
Sən susmasan…
Bəlkə bu gün son günümdür
Onun üçün istədim ki, bircə kəlmə deyim sənə
Bilirəm ki, sən sevirsən
Yağış yağır, sevgilim…
Bir Sənin Eşqinlə
Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi…
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Bənzər şeirlər:
Həsrət şeirləri
Romantik Şeirlər