Dərin Mənalı Şeirlər
Dərin Mənalı şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq bir-birindən mənalı 6 şeiri sizlər üçün bir araya topladıq.
1️⃣ Ağlamaq üçün gözdən yaşmı axmalı? (V.Hüqo)
Ağlamaq üçün gözdən yaşmı axmalı,
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh, qəlb bağlanmazmı?
Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,
Səadat oğurlamaq oğurluq olmazmı?
Solması üçün gülü budaqdanmı üzməli,
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah, bir xəncərmi olmalı,
Gülüş-güllə, saçlar-ip, göz-silah olmazmı?
2️⃣ Gəlirəm (Zəlimxan Yaqub)
•
Duyğuların zirvəsinə baş vurub,
Uca sözün ucasından gəlirəm.
Gör nələr var üçcə hərfin canında,
“Söz”ün bircə hecasından gəlirəm.
Ömür üzən, gün qocaldan, yaş yoran,
Dincəlməyə aman verə, kaş, yoran.
Sualların saç ağardan, baş yoran,
“Neyçün”ündən, “necə”sindən gəlirəm.
Danışdırdım hər pərdəni, hər simi,
Dərk eylədim avandımı, tərsimi.
Məktəb açdı, Tanrı verdi dərsimi,
Ustadından, xocasından gəlirəm.
Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
Hünərin var qapısından gir ömrün.
Yuxusuna haram qatmış bir ömrün,
Min yuxusuz gecəsindən gəlirəm.
Süzülmüşəm tarixlərin ruhundan,
Od almışam yananların ahından.
İnsanların Adəmindən, Nuhundan,
Cavanından, qocasından gəlirəm.
• Qorxusu yox nə amanın, nə ahın,
Günəşi var hər açılan sabahın.
Qapısında xidmətçiyəm Allahın,
Qapısından, bacasından gəlirəm.
3️⃣ Tələsmə, Könlüm, Tələsmə (Fəzail BÖYÜKKİŞİ)
Gediləsi yerinmi var,
Xeyirdən çox şərinmi var,
Eldən gizlin sirrinmi var,
Ümidimi haqdan üzmə.
Tələsmə, könlüm, tələsmə.
Yamanlardan uzaq dolan,
Yaxşılıqdı yadda qalan,
Torpaq üstə möhkəm dayan,
Hər yel vuran səmtə əsmə,
Tələsmə, könlüm, tələsmə.
Kükrə, çağla var səsinlə,
Od püskürən nəfəsinlə,
Öyünmə dar qəfəsinlə,
Yurd taladıb, daş-qaş gəzmə.
Tələsmə, könlüm, tələsmə.
Hələ ömrün çoxu durur,
Gözlərimin şoxu durur,
Tələsməyin boynunu bur,
Araz üstə dərd-qəm düzmə.
Tələsmə, könlüm, tələsmə.
Əcdadımız müdrik, ulu,
Tariximiz sirlə dolu,
Xoşbəxtliyə gedən yolu
Bir yandan da özün kəsmə,
Tələsmə, könlüm, tələsmə.
4️⃣ Sevgi nədi şeiri (Vaqif Bəhmənli)
Sevgi qədim bir adətdi,
Səni candan alır, alır…
Çox qəribə ibadətdi,
Canı dindən alır, alır…
Durma, cala baxtı baxta,
Say ki, yatır şah yataqda.
Sevgi güldü şah budaqda,
Əllə üzsən solur, solur…
Canın yetim quzusudu,
Mələrtisi ruzusudu.
Sevgi alın yazısıdı;
Məzarda da qalır, qalır…
Min desələr, yüz bilmərik,
Yol desələr, iz bilmərik
Sevgi nədi? Biz bilmərik-
Onu göylər bilir, bilir…
Bəxtiyaram mən səninlə (Bəxtiyar Vahabzadə)
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
5️⃣ Gözəllik duyulan yerdə
Çirkin dönüb göyçək olar,
Qanqal dönüb çiçək olar,
İnsan dönüb mələk olar,
Gözəllik duyulan yerdə.
Qış gəlib yaza çevrilər,
Kötüklər saza çevrilər,
Qanlar qıza çevrilər,
Gözəllik duyulan yerdə.
Ümid coşar, həsrət ölər,
Yamanlığa dəvət ölər,
Kin susar, ədavət ölər,
Gözəllik duyulan yerdə.
Könül sevər, göz vurular,
Bulanıq sular durular,
Dünya saflıqdan qurular,
Gözəllik duyulan yerdə.
Əridərik qəzəbləri,
Unudarıq əzabları,
Qazanarıq savablan,
Gözəllik duyulan yerdə.
Nə suç, nə də tamalı olar,
Nə zor, nə də silah olar.
Şair dönüb Allah olar,
Gözəllik duyulan yerdə.
Oxşar yazılar: