Şeirlər

Zəfər gününə aid şeirlər

Zəfər gününə aid şeirlər saytımızda sizlər üçün təqdim olunur. 8 Noyabr 2020-ci ildən bu yana Zəfər Günü kimi qeyd olunur. Bu gün doğma Qarabağımız azad olundu. Adı kimi bəxti də qara olan Qarabağımız artıq xoş günlərini yaşayır, günü-gündən abadlaşır. Öz sakinləri torpağına sahib çıxaraq onu yenidən dirçəldir. Bu gün ölkənin hər yerində Zəfər gününə aid şeirlər və mahnılar söylənilir. Zəfər Günümüz mübarək!

“Tarixi Zəfər!” Şeiri 

Müəllif: Cavanşir Atəşi 
 

Bu Zəfər türk əzmi, türk qərarlığı, 

Tarixin möhtəşəm qələbəsidir! 

Haqqın, ədalətin bərqərarlığı, 

Heydər arzusunun təntənəsidir! 

Zəfər – bayrağımız, bayraqdarımız, 

Zəfər – azad olan torpaqlarımız, 

Zəfər – baş tacımız, şah vüqarımız, 

Qəzəbin vulkantək püskürməsidir! 

Səbrin tükəndiyi sonuncu anda, 

Zəfər qazanmaqçün hərb meydanında, 

Böyüklü-kiçikli Vətən uğrunda 

Xalqın yumruq kimi birləşməsidir! 

Bu Zəfər bu gün də zaman, məkanın, 

Qisasın, qeyrətin, şərəfin, şanın, 

Ordusuyla Ali Baş Komandanın 

Şəri məğlub etmək nümunəsidir! 

Düşmən də tanındı, dost da tanındı, 

Etibar, sədaqət, inam sınandı, 

Sönmüş ocaqların çırağı yandı! 

Zəfər namərdlərə ibrət dərsidir! 

Zəfər and yerimiz – şəhid zirvəsi, 

Oyanmış ruhların coşan nərəsi, 

Göy Türk yürüşünün hayqıran səsi, 

Bu Zəfər Turanın bir müjdəsidir! 

Biz Zəfər qazanmışıq! şeiri

Müəllif: Nicat İsmayılov (“Xəzər Tv”nin redaktoru) 

İgidlər öz qanıyla 
Yazdı Zəfər dastanı. 
30 il gözləmişdik, 
Bu tarixi, bu anı. 

 
Dəmir yumruq düşmənə, 
Öz yerini göstərdi. 
44 günlük döyüşlər, 
Tarixi bir Zəfərdi. 

 
Analar ağlamasın, 
Şəhidlər ölməzdilər. 
Düşmənlər öz xoşuyla, 
Yurdumdan getməzdilər. 

 
44 günə min ilin, 
Tarixini yazmışıq. 
Qarabağ Azərbaycandır, 
Biz Zəfər qazanmışıq. 

 
Polad iradəmiz var, 
Sınmarıq, əyilmərik. 
Bir ölüb, min dirilən 
İgid Mübarizlərik. 

ZƏFƏR NƏĞMƏLƏRİ YAZILIR İNDİ 

Cavanşir Atəşi : Təranə ARİFQIZI 
 

Tarix yazır kürsülərdə ağıllar, 
Tarix yazır səngərlərdə oğullar, 
Otuz ildir, bitdi daha nağıllar. 
Qəhrəmanlıq yola iz salır indi, 
Zəfər nəğmələri yazılır indi! 

Üçrəngli  bayrağım Xudafərində, 
Savaş gedir irəlidə, dərində, 
Oturtmuşuq düşməni öz yerində. 
İşğal zəncirləri çözülür indi 
Zəfər nəğmələri yazılır indi! 

Cəbrayılı, Füzulini almışıq, 
Zəngilanı ağ dəftərə salmışıq, 
Haqqımızdır!-deyib, yurda dolmuşuq 
Hər qarış qanınla yaz olur indi. 
Zəfər nəğmələri yazılır indi! 

Bax, açılır yurda gedən yolumuz, 
Naxçıvanı qucaqlayır qolumuz, 
Rahat yatsın məzarında ulumuz. 
İğidlər sipər tək, düzülür indi, 
Zəfər nəğmələri yazılır indi! 

Hər tərəfdən gəlir halal çörəklim, 
Döyüşdədir mənim cəsur ürəklim, 
Şəhidlərim- nurüzlüm, nər biləklim. 
Biri ölsə, mini dirilir indi, 
Zəfər nəğmələri yazılır indi! 

Yenidən doğulan yaşın mübarək! 
Azaddır torpağım, daşım, mübarək! 
Vətən, Zəfər Qayıdışın mübarək! 
Göz yaşım fəxrlə süzülür indi! 
Zəfər nəğmələri yazılır indi! 

Hər il ölkəmizdə böyük parad təşkil olunur.2020-ci ildən bu yana bu günə xüsusi şəkildə hazırlaşılır. Çünki xalqımız bu günü 30 ildəm artıq ki, gözləyirdi. 2023-cü ildə isə bütün Qarabağın sahibiyik. Zəfər bayramına bütün azərbaycanlılar böyük həvəs, qürur hissi ilə hazırlaşır.

ZƏFƏR GÜNÜN MÜBARƏK, ANAM AZƏRBAYCANIM ŞEİRİ

Müəllif: Solmaz Şirin 

Zəfər günün mübarək, anam Azərbaycanım, 
Zəfər ünün mübarək, canım Azərbaycanım, 
Azad şənin mübarək, şanım Azərbaycanım! 
Sənə Zəfər yaraşır, uca zirvələrdə ol, 
Şan-şöhrətlə, qürurla qoca zirvələrdə ol! 

Zəfərlərin çox olmuş, otuz ildə bu təkdir, 
Qəzəblərdən, kinlərdən doğulmuş bir mələkdir, 
Düşmən istehkamını dağıdan bir fələkdir. 
Əhsən olsun yurdunun o mərd oğullarına, 
Canını qurban verən comərd oğullarına! 

Qan uddurdu düşmənə mübariz, sadiq Ordun, 
Toy-büsata büründü o əsir, məhbus yurdun, 
Qarşında düşmənlərin boynunu əydin, qırdın. 
Eşq olsun o mübariz, o yenilməz Orduna, 
Zəfər adı yaraşır o mübarək adına! 

Şəhidlərin qanıyla Zəfər sözün həkk etdi, 
Tarixin yaddaşına, dağa, daşa bərkitdi, 
Şəhadət körpüsüylə bu dünyanı tərk etdi. 
Şəhidlərin mərdliyi mərd başını ucaldır, 
Cənnətin quşlarıdır, məqamları ucadır!  

DƏMİR YUMRUĞUM ŞEİRİ

Müəllif: Müzəffər Məzahim 

Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə, 

Qəhrəman xalqım ilə, şanlı, cəsur ordum ilə, 

Yanaşı cəng elədik cəbhədə boz qurdum ilə, 

Birləşən əllərimiz döndü dəmir yumruğuma. 

Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

Aslana tülkü açıb cəng, bu nə haqsız davadır? 

Otuz ildir dilənir, atdığı boş-boş havadır. 

Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır, 

Hikkəmiz, hiddətimız çöndü dəmir yumruğuma, 

Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

Hər qarış torpağa həkk oldu zəfər tarixmiz, 

Vətənə sevgi çələngiydi hünər tariximiz, 

Dirçəliş mənliyimizdir bu təpər tariximiz, 

Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma, 

Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

Ordumuz bəxş elədi xalqımıza şanlı şərəf, 

Aldıq öz haqqımızı, çüki bizik haqlı tərəf, 

Gücümüz, qeyrətimizlə elədik düşməni dəf 

Dünya heyrətlə baxır indi dəmir yumruğuma, 

Tanrının möcüzəsi endi dəmir yumruğuma.  

Qələbə müjdəsi şeiri

Müəllif: Rahil Məmməd 

Gül, ey Azərbaycan, gözlərin aydın, 

Əzildi zəhərli ilanın başı! 

Analar, bacılar, ağı deməyin, 

İndi qismətimiz sevinc göz yaşı! 

Ey Şuşam, bir daha gözlərin aydın, 

Sənə sahib çıxdı mərd oğulların. 

Adını tarixə yazdı hünərlə, 

Dosta dost, düşmənə sərt oğulların! 

Gözəl Qarabağım, eynin açılsın, 

Sən artıq deyilsən düşmən tapdağı. 

İndi al qoynuna zirvələrində, 

Ulduzlu, hilallı üçrəng bayrağı! 

Haçandır qoynundan uzaq düşmüşdük, 

Səninlə həsrətin otuzdur yaşı. 

Hüsnünü görməyən fidan oğullar 

Uğrunda qan tökür, şirtək savaşır! 

Sən də dön – yurdundan perik düşənim, 

Məhəbbət çiçəyim, xarıbülbülüm! 

Hələ yaraları təzə olsa da, 

Bir ağız oxusun barı bülbülüm! 

Ali Baş Komandan, sən də var ol ki, 

Qələbə sevinci yaşatdın bizə! 

Hünər tariximə yazdın adını, 

Sanki işıq verdin gözlərimizə! 

Ruhunuz şad olsun, şəhid oğullar, 

Dəniztək çağladı Vətən sevginiz! 

Ölümün gözünə dik baxa-baxa 

Şəhidlik zirvəsi fəth etdiniz siz! 

Ey müzəffər ordum, eşq olsun sənə, 

Sən öz savaşınla tarix yaratdın! 

Verib türk oğluyla çiyin-çiyinə, 

Qələbə eşqiylə murada çatdın! 

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaratmışdır. 

Zəfər yolu şeiri 

Müəllif: Asim Yadigar 

Soldurub baharını, gətirdik sərt qışını, 
Axıdıb bu yerlərdə düşmənin göz yaşını, 
Dəmir yumruqla əzdik onun murdar başını. 
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa! 

Saldığın Zəfər yolu tamaşadır, tamaşa, 
Bu yolu tutmalıyıq başdan-başa qumaşa. 
Bu yol ata arzusu – bu yol Öndər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Onun hər qarışına qarışıb şəhid qanı, 
Bu qanlarla qurtardıq qandan Azərbaycanı. 
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı. 
Bu yol qorxu bilməyən hünərvərlər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Bu yolda dəfn eylədim içimdəki qorxunu, 
Həqiqətə çevirdim əfsanəni, yuxunu, 
Sancdı düşmən köksünə igidlərim oxunu. 
Bu yol qəlbə rahatlıq gətirən nər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Yamyaşıl meşələrin nəğməsi necə şirin, 
Kölgəsi gün görməyir, kölgəsi necə sərin. 
Bu zümrüd meşələrin, bu dərin dərələrin 
Hər biri xoş müjdələr verən xəbər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Sıldırım qayaları öpürəm gözlərimlə, 
Oxşayıram hər izi, cığırı sözlərimlə, 
Öyünür, fəxr edirəm dağımla, düzlərimlə. 
Daha bu yol nə həsrət, nə də qəhər yoludur, 
Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur! 

Otuz illik həsrəti qırx dörd gündə dağıdan, 
Ey qəhrəman qazilər, sizə hər an can qurban. 
Bu yolda şəhidləri unutmadım bircə an. 
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları, 
Oxudum qayalarda siz yazan nağılları! 
Dağa qalxan maşınlar, sanki durna qatarı 
Qalxır Şuşaya sarı, qala-şəhər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Ədalətinə şükür, ey qoca, gidi dünya, 
Mən Cıdır düzündəyəm – nə yuxudur, nə röya. 
Burdan – Cıdır düzündən səslənərək dünyaya 
Deyirəm: – Bu qələbə, zəfər, bu ər yoludur, 
Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur! 

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətimizin başçısının Ali Baş Komandanlığı altında müzəffər Ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Bu gün bizim günümüzdür, bizim bayramımızdır, bizim zəfərimizdir!

1/5 - (1 vote)

Back to top button