Yolka Şeiri
Yeni il bayramı üçün yolka haqqında 3 şeir.
1️⃣ ŞƏN YOLKA (Tofiq Mütəllibov)
Geyinmisən al-əlvan
Budaqların çırağban.
Dövrə vurub qız-oğlan
Nəğmə deyir şən-yolka
Sən nə gözəlsən yolka.
Dildə gəzir sorağın
Bəzənib hər budağın
Şaxta baba qonağın
Olmuş sənin şən yolka
Sən nə gözəlsən yolka.
Çölü meşəni bəzə
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə
Ürək açan şən yolka
Sən nə gözəlsən yolka.
2️⃣ YOLKA BAYRAMI (Mirvarid Dilbazi)
Yolka bayramı
Yığılın gəlin
Uşaqlar hamı
Gəlin, şən keçsin
Yolka axşamı.
Tıq – tıq – tıq döyüb
Qapını birdən,
Qış baba baxır
Pəncərələrdən,
Ətəyi dolu
Əlvan kağızlar.
Onun içində
Gözəl şeylər var.
Pay gətiribdir
Qış baba sizə,
Deyir ki, tez ol,
Yolkanı bəzə!..
Eşiyə yağır
Quşbaşıtək qar,
Qış baba gəlib
Sizə payı var.
Budur açıldı
Qapı taybatay.
Qış baba dedi:
Aman ay- ay – ay,
Kənara durun
Ay uşaqlar siz.
Əzilib gedər
Yer – yemişiniz!
Qış baba evə
Bir nəzər saldı
Uşaqlar tezcə
Dövrəsin aldı.
Yolka yanında
Çökdü qış baba.
Yaşıl budaqlar
Bir – bir bəzəndi.
Xırda uşaqlar
Hamısı şəndi.
3️⃣ Yeni iliniz mübarək! (Gülzar İbrahimova)
Yeni ildə uşaqlar
Böyük yolka qurdular,
Yolkanın ətrafında
Çaldılar, oynadılar,
Şaxta baba hamıya
Çoxlu hədiyyə verdi,
Uşaqları bax belə,
O sevdi, əzizlədi:
Mənim əziz balalarım,
Qardan təmiz balalarım,
Gəlin, birlikdə deyək,
Yeni iliniz mübarək!