Şeirlər

Şaxta babaya aid şeirlər

Şaxta babaya aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq Şaxta baba haqqında ən gözəl 6 şeiri sizlər üçün bir araya topladıq.


1️⃣ Şaxta baba (Xanımana Əlibəyli.)
Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba

Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.


2️⃣ Şaxta baba (Rafiq Yusifoğlu)

Yolkamızın üstündə
Yenə yandı işıqlar.
Hardasan, Şaxta baba,
Yol gözləyir uşaqlar.

Zirvələrdən enib gəl,
Dərələrdən keçib gəl.
Yamaclara, çöllərə
Dümağ libas biçib gəl.

Gözündə ulduz gətir,
Nəfəsində buz gətir.
Saçlarında dümağ qar,
Dilində xoş söz gətir


3️⃣ Şaxta Baba Xoş Gəlib (Əhməd Cəmil)

…Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.

Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!

Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.

Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-

Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:

Şaxta baba!…
Şaxtacan!…
Haradasan bu vaxtacan?…


4️⃣ Şaxta Baba (Zaur Ustac)

Şaxta Baba, Qar Baba,
Buludları öp baba.
Bəsdir, əsdirdin külək,
Bir az da qar səp baba.


5️⃣ Qar və buz(Gülzar İbrahimova)

Şaxta baba bilirsən,
Səni necə sevirik?
Səni hər Yeni ildə
Həsrətlə gözləyirik!

Amma ki, Şaxta baba,
Həsrət qalmışıq qara.
Bilmirik gedək hara
Qartopu oynamağa?

Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən!


6️⃣Şaxta Baba, Qiş Baba ( Mehdi Seyidzadə)

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!

Oxşar yazılar:

3.2/5 - (16 votes)

Back to top button