Şeirlər

Təsirli Duyğusal Şeirlər

Təsirli Duyğusal şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq bir-birindən mənalı 6  şeiri sizlər üçün bir araya topladıq.

1️⃣ Darıxır (Ramiz Rövşən)

Bu nə təhər darıxmaqdı,
Axı, belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır,

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim,
Evdə qalsam, ev-eşiyim,
Yol getsəm, yolum darıxır.

Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.

Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır…


2️⃣   Yarı Məndə, Yari Səndə Şeiri (Nüsrət Kəsəmənli)

İkimizdə bir ürək var.
Yarı məndə, yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə.

Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə, balı məndə…


3️⃣ Sənə qurban (Mikayıl Müşfiq)

 Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al, sənə qurban.
 
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.


4️⃣   Söylə, bəs hardaydın? (Nəbi Xəzri)

 
Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?

Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!

Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu tək
yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.

Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.

O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?


5️⃣  Rəssam, sevgilimin rəsmini gəl çək (Müəllif Ömər Xəyyam)


Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim.


6️⃣Gizli sevgi ( Fikrət Qoca)

 Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.

Oxşar yazılar:

4.5/5 - (4 votes)

Back to top button