Şeirlər

Sevgiliyə aid şeirlər

Sevgiliyə aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz.
Sevgilidən bəhs edən 7 sevgi şeirini sizlər üçün bir araya topladıq. Sevdiyiniz şeir və misraları şərhlərdə yazaraq bizlərlə bölüşə bilərsiniz.

1️⃣ Sənin üçün(Nəbi Xəzri)
Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.__


2️⃣ Yavaş-yavaş sevdim səni ( Ramiz Rövşən)

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.


3️⃣ Bir Sənin Eşqinlə

Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi…
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!


4️⃣ Palıd

Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?

Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.

Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək!


5️⃣ Sənin Gözlərinlə (Sabir Rüstəmxanlı)

Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!

Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,
Yağış da Səninçin töküləcəkdir.

Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,
Küləyə qoşulub oxumaq keçir.

Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,
Sənin qanadınla kimdir uduzan…

Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə
Dünyanı səssizcə gözəlləşdirdin.

Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!


6️⃣Kainat kimi (Zəlimxan Yaqub)

Üzünü sevirəm!
Üzün həyatın özüdü.
Enişli, yoxuşlu,
Dağlı, dərəli,
Yaraşıqlı, mənzərəli!

Gözünü sevirəm!
Gözün həyatın özüdü.
Dənizli, dalğalı,
Tufanlı, ləpəli.
Cənnəti bu dünyada tapmışam,
O gözlərdən öpəli!

Özünü sevirəm,
Sən həyatın özüsən.
Həmişə canlı,
Həmişə hərəkətdə,
İşdə, sevgidə, bərəkətdə.

Üzünə də, gözünə də,
Özünə də qurbanam
Həyat kimi.
Səninlə işıqlıyam
Günəş kimi,
Kainat kimi!


7️⃣Allahim, Ayirma Bizi (Nüsrət Kəsəmənli)

Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə gəldik,
Deyəsən, axırda biz gözə gəldik,
Nə olar, Allahım, ayırma bizi.

Sənin əlindədir taleyin hökmü,
Nə oldu, bu sevgi bir ağır yükmü?
Ayrılıq deyilən səndən böyükmü?
Nə olar, Allahım, ayırma bizi.

Sonradan qovuşan iki yoluq biz,
Sevgiylə başlayan iki sonuq biz,
Haqqına tapınan iki quluq biz,
Nə olar, Allahım, ayırma bizi.

Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə hicran odunu,
Eşit sevənlərin qəm fəryadını:
Nə olar, Allahım, ayırma bizi.

Bu biz, bu məhəbbət, bu alın yazı.
Yoxsa bu yazıya əgər bir pozu.
Ayırmaq istəsən al canımızı,
Nə olar, Allahım, ayırma bizi…

Oxşar yazılar:

4/5 - (5 votes)

Back to top button