Şəhidlərə aid şeirlər
Şəhidlərə aid şeirlər toplu halda saytımızda təqdim olunur. Azərbaycan xalqı hər bir şəhidini daim olaraq xatırlayır və yad edir. Bu gün ölkəmizdə bizlər varıqsa, buna görə şəhidlərimizə, qazilərimizə və əsgərlərimizə borcluyuq. Onlar sayəsində bu Vətən bölünmədi, bölə bilmədilər.
Qarabağ şəhidlərinə aid şeir, şeirlər
6️⃣ Şəhid İsmayıl Qəsəbova
Zaman səni atıb getdi
Uşaqlığın ortasına.
Sən gözlədin, o gəlmədi,
Nə toyuna, nə yasına.
Buna gəlmək demək olmaz,
Hamı gəldi, hamı getdi.
Bircə anan! Sənin üçün,
Ömrünün hər anı getdi.
Bircə anan, anan səni,
Hey axtarıb arayırdı.
Əllərinin qabarıyla
Saçlarını darayırdı.
Və beləcə illər ötdü,
Sənintək igid böyüdü.
Nə biləydi anan sənin
Evində şəhid böyüdür?
Nə biləydi, ona şəhid,
Anası da deyəcəklər.
Məzarında qərənfillər
Lalə kimi bitəcəklər.
Nə biləydi, sinəsində,
Bala boyda dərd olacaq?
Nə biləydi, təsəllisi
Uğur ilə Mərd olacaq?
Bilirik ki, şəhid ölmür,
Ölməmisən, yaşayırsan.
Sən əbədi ata, yoldaş,
Bala adı daşıyırsan.
Daşıyırsan bu vətənin
Hər daşını, torpağını.
Daşıyırsan qələbənin
Şuşa adlı bayrağını.
Sən vətənə, bu torpağa
Can deyərək vermisən can.
Sənin ilə fəxr eləyir
Çaylı, Qazax, Azərbaycan!
“Şəhidlər”
Müəllif: Bəxtiyar Vahabzadə
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,
” Dünyada mənimdə haqqım var ” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Vətənimiz üçün canından keçən şəhidlərimizin sayəsində bu gün bizlər varıq. Torpağımız o qədər gözəl, o qədər bərəkətlidir ki, yağı düşmənlər daim onu ələ keçirmək istəmişlər. Azərbaycan tarixən işğallara məruz qalmış ölkələrdən biridir. Lakin bu torpağın sahibləri onu qorumağı özlərinə borc bilmiş, daim vuruşmuş, müabrizə aparmışdır.
“Şəhidlər”
Müəllif: Əziz Musa
Şəhidlər günəş kimi nur çiləyir hər zaman,
Şəhidlər gedən yolu bağlaya bilməz tufan,
Şəhidlər el yolunda canını verib qurban.
Şəhidlər qanlarıyla boyayıblar torpağı,
Şəhidlər zirvələrə qaldırıblar bayrağı.
Şəhidlər yatan torpaq ocağa, pirə dönər,
“Şəhidlər xiyabanı “ uzaqlardan görünər,
Şəhidlər anılan yer qərənfilə bürünər,
Şəhidlər bu dünyada dönərlər bir günəşə,
Şəhidlər ölməz olur, yaşayırlar həmişə.
Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir,
Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir,
Şəhidlər yatan qəbir istiqlal türbəsidir,
Şəhidlər Tanrımızın sevdiyi bəndələrdir,
Şəhidlər ölmür heç vaxt, ömrü dünya qədərdir.
Şəhidlər candan artıq sevdilər ana yurdu,
Şəhidlər qoymadılar sönə ocağı, odu,
Şəhidlər qazandılar müqəddəs şəhid adı,
Şəhidlər bu torpağın, bu xalqın qan yaddaşı,
Şəhidlər igidliyin, hünərin yol yoldaşı.
Şəhidlər verən Vətən başını uca tutar,
Şəhidlər verən millət hər arzusuna çatar,
Şəhidlər gözəl yerdə- cənnətdə rahat yatar,
Şəhidlər el-obaya yol göstərən mayaqdır,
Şəhidlər zülmətlərə nur çiləyən çıraqdır.
Şəhidlər, siz ölümdən, siz qandan qorxmadınıız,
Şəhidlər, çətin anda siz candan qorxmadınız,
Şəhidlər, qəlbimizdə qərar tutb adınız,
Şəhidlər deyiləndə dağ da, daş da ağlayır,
Şəhidlər deyiləndə sellər, sular çağlayır.
Şəhidlər ana yurdun qüruru iftixarı,
Şəhidlər, qorudunuz, hər an namusu, arı,
Şəhidlər insanların ucası, bəxtiyarı,
Şəhidlər qalxan yerə qalxa bilməz hər yetən,
Şəhidlər doğuldu ki, yaşasın ana Vətən.
Şəhidlər, siz qıydınız, kim qıyardı canına,
Şəhidlər, siz döndünüz xalqın qəhrəmanına,
Şəhidlər, çevrildiniz bir hünər dastanına,
Şəhidlər, Vətən sizə hər gün alqış söyləyir,
Şəhidlər, Əziz Musa qarşınızda baş əyir.
Ərəb, rus, fars işğalları nəticəsində torpaqlarımız zaman- zaman bölünmüşdür. Ancaq Şimalı Azərbaycan heç zaman bununla barışmamış, mübarizə aparmış və azd olmağı bacarmışdır. Bu azadlığı bizə qazandıran şəhidlərimizə daim borcluyuq. Onlar xalqımız hər zaman dərin hüzünlə yad edir.
Tabut
Bir gün çiyinlərdə bir tabut gedər
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.
Daha ulduzlara tənha baxarsan
Tənhalıq bıçaqtək tökər qanını
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.
Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını
Min günəş çıxsa da qurutmaz artıq.
Qalarsan əllərin yanaqlarında
Axan göz yaşını silib gedərsən
Ürəyin istəsə, açıqdır qapım
Hərdən məzarıma gəlib-gedərsən.
Gəlib baş ucumda durarsan səssiz
Ruhum səni görüb sevinər bəlkə,
Onda nə çəkmişəm bilərsən sənsiz
Buz kəsmiş ürəyin isinər bəlkə.
Sonra baş daşımda rəsmimə baxıb
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az…