Şeirlər

Sevgi şeirləri

Ən mənalı sevgi şeirləri, sevgi seirleri menali

Sevgilər

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
 
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
 
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Müəllif: Mikayıl Müşfiq

Urek seiri, Mikayil Musfiq sevgi seirleri

Ürək

Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
 
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!

Müəllif: Mikayıl Müşfiq

Cümlə cahan, xoşbəxtlik, şirin sovqat axtarır

Cümlə cahan, xoşbəxtlik, şirin sovqat axtarır,
Gerçəyi bilən, ümid, ölüm-həyat axtarır.

Sevgi öz qarşılığını seviləndə tapır,
Sevgili Cananı sevən, eşq-məmat axtarır.

Görməz ki, sevginin gözü kor, gözü qan tapır,
İtirir kəndini, şəhadət-vəfat axtarır.

Aşiq bilməz ki, ölüm, sevginin əslin tapır,
Sarılır eşq ölümə, sevgi-ovqat axtarır.

Kim öyrənir dərsi, imanı dünyada tapır,
Fəqət cahil, məktəbi özgə, heyhat axtarır.

Qəlbi kor olan əsla görməz gözü tor tapır,
Hara baxsa qaranlıq, nuru mat-mat axtarır.

Səhnədə Əsli-Kərəmi kim axtarır, tapır,
Səhrada Leylanı, Məcnun narahat axtarır.

Raufun sözün dərk edən, Fərhadla yol tapır,
Şirini incil görən, quran-tövrat axtarır.

Müəllif: Rauf Cavad

Aşiqlərə nə deyəm eşq xəbərindən şirin

Aşiqlərə nə deyəm eşq xəbərindən şirin?!
Eşq ilə dinləyənə aydayın birin-birin.

Əvvəl yer-gög yoğ ikən var idi eşq bünyadı,
Eşq qədimdür, əzəli eşq getürdü nə varın.

Əvvəl əzəl bəzmində kim dost yüzin gördise,
Anun canıdır aşiq, sor andan eşq xəbərin.

Eşqi hiç bir nəsnəyə məsəl bağlasam olmaz.
Dünyəde, axirətdə ne dutısar eşq yerin?!

Əmanətdür, saqınğıl, eşq xəbərini zinhar,
Oturub degmə yerdə söyləmə eşqün sözin.

Serraflarun qatında qaidə şöyle dürün
Qədrin bilməz kişiyə göstərmədi göherin.

Yunusun hövsələsi eşq ilə tolmışdurur,
Dərdin saqlıyamadı, keksüz söyler eşq dilin.

Müəllif: Yunus Emre

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!

Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!

Gər dersə Füzuli ki: “Gözəllərdə vəfa var”
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Müəllif: Məhəmməd Füzuli

 Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Müəllif: Bəxtiyar Vahabzadə

Sevgi seiri – Ona

Ona

Yollar darlıq edir ayaqlarıma,
Ürəyim uşaqtək kövrələcəkdir,
Toxundur əlimi barmaqlarıma,
Əllərin çiçəyə çevriləcəkdir.

Məndən istəsəydin əgər eşqini,
Dünyamı bir həzin nəğmə edərdim.
Bir gün Puşkin kimi, Lermontov kimi.
Səninçün dueldə ölsəm nə dərdim.


Təsadüf qəribə işlər görürmüş,
Bir səhər bir eşqin əvvəli imiş,
Ürək sevməz dedim, demə sevirmiş,
Məhəbbət ağıldan qüvvəli imiş.

Dənizəm səndədir sahilim mənim,
Bilirəm sahillər qayasız olmaz.
Çağır uşaq kimi yüyürüb gəlim
İstəsən həsrətdən nişanə qalmaz.

Od idim, gözümə sovruldu külüm,
Ömrüm niyə belə düşdü çətinə,
Keçmiş həyatımı bağışla, gülüm,
Sənə sonsuz olan məhəbbətimə.

Dəniz, göy, məhəbbət

– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

Müəllif: Nəbi Xəzri

Ozune oyretme meni – seir

Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi.

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə, bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Gəl məni, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə,

Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,

Bir az da sadəlövh uşaq kimiyəm.

Bala atasına qovuşan kimi,

Leylək yuvasına yovuşan kimi,

Arı gül-çiçəyə uyuşan kimi,

Eh, mən də adama tez yovuşanam,

Sevgi atəşində tez alışanam.

Amma ki, sönməyim çox çətin olur,

Sevgidən dönməyim çox çətin olur,

Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,

Yaman qəribədir dünyanın işi;

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə şirin olur!

Ömrünün içində ömür doğulur.

Bu şirinim acı olacaq isə,

Bir qismət çiçəyim solacaq isə,

Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,

Bir əkiz ləçəyi, haça budağı

Ayırmaq olmursa biri-birindən,

Məni də ayırmaq çətindir, axı

Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,

Əlimi əlindən üzmək əzabım,

Sonra bu əzaba dözmək əzabım…

Yoxsa da, könlümün sınıqları var-

Hicranın köz basmış yanıqları var

Mənim dərdlərimin ayaqları var-

Harda olsa, gəlib tapacaq məni.

Yaxud yandıracaq bu alov səni

Gəl məni özünə öyrətmə belə,

Əlimi əlinə öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə…


Müəllif: Musa Yaqub


Cəsarət gileyi

Bu dəfə bircə sən yox idin həmişəki görüşdə
və hər şeyin əvvəlki kimi olması
yaman üzdü məni,
sanki qorxaqcasına
səni unutmağımızı bayram edirdi işıqlar,
sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.

Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,
kimsə gəlməyəydi,
birimizin halı pisləşəydi,
amma olmadı.
Dostlar şərab süzdü
və hər şeyin əvvəlki kimi olması
məni yaman üzdü.

Sənin baş qəhrəmanı olduğun
lətifəni danışdılar adını çəkmədən,
arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.
Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə
və mənim bağrımın başı göynədi
hər şey əvvəlkitək davam etdiyinə görə.

Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –
dağılışdıq evə.
Mənsə üzümü qaranlığa tutub pıçıldadım:
xatirələrini halal elə.

Müəllif: Fərid Hüseyn

Həsrət mənzərəsi

Harda dərdli mənzərə var,

Mənə səni xatırladır.

Həsrətimi paylayırlar bu dalğalar?

Gəl ki, coşa bilmir dəniz

Uça bilmir,

Xəyalımın göy üzündə qağayılar.

Müəllif: Zərin Hüseyn

Sevgi ən axırda ölür


Yəqin sən də gedəcəksən
Hamının getdiyi yerə.
Mən öz yerimə sadiqəm,
Necə ki, sadiq olurlar,
Ağaclar bitdiyi yerə.

…uzun ömür, can sağlığı.
Bağışla bu uşaqlığı.
Ayrılmaqçün gəl görüşə
Sevginin itdiyi yerə.

Koram, gözüm əllərimdi
…ümidlərdən tuta-tuta,
Arxanca gəlib çıxmışam
Məni tərk etdiyin yerə –
Hamının getdiyi yerə.

Müəllif: Aqşin Yenisey

Axtaracaqsan

Vaxt gələr peşman geri dönəcəksən
Səhv etdim səhv deyib yalvaracaqsan
Hər şey yerli-yerində gorəcəksən
Ancaq, öz yerini tapmayacaqsan,
Axtaracaqsan çox axtaracaqsan…

İllər qovar səni üzü yoxuşa
Könülsüz, istəksiz gediləcəksən
Üzülüb, ağlayıb tam əldən düşüb,
Çırpınıb, qıvrılıb, didiləcəksən
Gecələr həsrətdən yatmayacaqsan
Axtaracaqsan çox axtaracaqsan

Yalnızlıq nisgili çökər üzünə
Əsəbə çevrilər xoş bənizin də
Fırtına baş verər, limanlarında
Tək tənha qalarsan boş dənizində
Sahilə tamarzı, çatmayacaqsan
Axtaracaqsan çox axtaracaqsan

Ovqatın təlx olar, hal pərçimlənər
Hər gün bir az ölüb, doğulacaqsan
Nəfəsin daralar, bərk düyümlənər
Bir qaşıq suda da boğulacaqsan
Boğulacaqsan gəl, batmayacaqsan
Axtaracaqsan hey axtaracaqsan.

Müəllif: Elşad Şamil

Bu yazını dəyərləndir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button