Ramiz Rövşən şeirləri
Ramiz Rövşən, seirlər
Ramiz Rovsen en sevilen sairlerimizdendir. Ramiz Rövşənin ən sevilən şeirlərini bu bloqda sizin üçün topladıq. Zövq alaraq oxuyun və Ramiz Rövşən şeirləri arasında ən bəyəndiklərinizi seçin.
Bağışla
Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…
Bağışla qapını döyə bilmirəm,
Bağışla sevirəm, deyə bilmirəm.
Özüm də bilmirəm, ah niyə bilmirəm,
Bağışla, bağışla, məni bağışla…
Bir sönən ocağın külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki sevmirəm gəl mənə inanma ,
Bağışla, bağışla, məni bağışla…
Dünyanın sən olan yeri
Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə, küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir gün
yağış yağacaq.
Gecə köynəyində, ürkək-utancaq,
çıxarsan eşiyə, gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa,
Əlimdən nə gələr?..
Məni bağışla!..
…Nə sən kiriyirsən, nə yağış kəsir,
yağışa qarışıb axarsan, kiri.
Ağlaya-ağlaya bu yaz gecəsi
əriyib yağışa çıxarsan, kiri.
Baxdıqca qorxuram
yağan yağışa,
Ağlaya bilmirəm…
Məni bağışla!..
Köhnə məktublar
Xəbər gələr daha ömrün
qışından,
Soyuyursan –
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.
Əyilərsən, götürərsən gizlicə,
boylanarsan –
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi?
Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən – qaşı düşər yadına,
Bir hərfdən – gözü düşər
yadına.
O gözlərdən yadigartək
varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan
qapıya;
“o kölgəni arvad-uşaq
gördümü?!”
Tez məktubu atarsan
külqabıya,
yandırarsan hər sözünü,
sətrini.
Sözlər yanar – kağızı da
yandırar,
Sözlər yanar – o qızı da
yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca –
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu
oddan.
Bir quş olub uça bilməz bu
oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
Oqız yanar –
ərşə çıxar tüstüsü,
Kağız yanar –
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bie üzük diyirlənər.
Lap özünü itirərsən-baxarsan,
O üzüyü götürərsən-baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə
heç.
Sən o qıza haçan üzük
vermisən?
na üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
– Əlindəki nədi? – deyər.
– Üzükdü.
– O üzüyü nə yaxşı ki tapmısan,
neçə vaxtdı, itirmişdim,
gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
– Bunun rəngi niyə belə
qaralıb?
Barmağına güclə salar üzüyü:
– Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ
də,
o məktubub külü hələ işarar.
Maddım-maddım durub baxar
arvadın,
o tüstüdən bir cüt gözü
yaşarar.
– Heç olmasa pəncərəni aç, –
deyər,-
burda necə oturmusan sən,
necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə…
Ramiz Rövşənin şeirləri, şeirlər, Ramiz Rovsen seirleri
SON GÖRÜŞ
Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz –
ya tez, ya da gec.
Hərə öz dərdini apardı-getdi,
Bəs niyə dərdimiz azalmadı heç?
Dünya dağılmadı biz ayrılanda,
Göylər bir az yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq.
Rahatlıq dilədin ev-eşiyimə,
körpəmin beşiyinə.
Nəvəsi dizinin üstünə çıxan
atama, anama da.
Bir vaxt səndən qabaq rastıma çıxan,
məni səndən alan qadınıma da.
İstədim son dəfə basım bağrıma,
Dedin:
– Nəyə lazım, yox, yaxşı deyil!..
Ağladın.
Dedim ki, kiri, ağlama!
Dedin ki, yağışdı, göz yaşı deyil.
– Bu görüş sonuncu görüşdü daha,
bu gün ayrılırıq, – deyib gəlmişdin.
Bəs niyə mənimlə bu ayrılığa
ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum –
bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun –
bilmirəm.
Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutdu-getdi.
… O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu…
KİM DEYİR, YUXUDA ÖLMƏK ASANDI
Deyirlər, yuxuda ölmək asandı…
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən əzandı,
Yuxudaca kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir, yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür burda göz yaşın.
…Yuxuda ölməkdi
ən rahat əcəl…
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda
səni boğan əl
Düşmən əlidimi, dost əlidimi?!
Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.
Gecə qorxu çökər yuxumuza da;
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Bəlkə heç yatmayaq –
hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq –
ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.
Amma yuxun gəlir –
görürəm elə;
Daha yavaş-yavaş yumulur gözün.
Yat… sabah oyanmaq ümidi ilə…
Yuxun şirin olsun –
uyu, əzizim…
MƏN DƏ DƏYİŞKƏNƏM HAVALAR KİMİ
Sən mənim ömrümün həyəcanısan,
bir batan gəmidən gələn SOS kimi.
Yuxusuz gecəmin lap əvvəlində
çəkdiyim sonuncu papiros kimi.
Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.
Sən susuz səhraya çilənən yağış,
qaranlıq gecədə yanan çıraqsan.
Qar basmış bir çöldə yolunu azmış
yolçunun rastına çıxan ocaqsan.
Kor olan deyiləm sənin tüstünə,
yenə öz yolumu mən gedəcəyəm.
Hələlik bir azca tutub üstünə
donmuş əllərimi isidəcəyəm.
Nə yaxşı, rastıma çıxdı bu ocaq,
bu donmuş əllərim qızındı bir az.
Heyif, bu ocağın istisi ancaq
donmuş ürəyimin buzuna çatmaz.
Yox, ocaq neyləsin?.. Onda günah yox.
Günahkar varsa da, mənəm… ocaq yox.
Öz alov dilini uzadıb necə
üzümü-gözümü yalayır yazıq.
Bu ocaq sonuncu kösövünəcən,
mənimçün yanmağa hazırdı, hazır.
Burda həmişəlik qalsaydım əgər,
Özümə ev-eşik qursaydım əgər,
Sən də bu ocağın keşik çəkəni,
Evimin xanımı olsaydın əgər, –
Lap səni sevsəm də, sevməsəm də mən,
burda yaşamağa nə vardı onda.
Bir az dincələrdim özüm-özümdən,
bir rahat həyatım olardı onda.
Amma “rahat həyat” mənlik deyil ki,
mən də dəyişkənəm havalar kimi.
Odur ki, ayrılaq, sağ-salamat qal.
Yolumdan saxlama –
məni yola sal.
Bəlkə də hardasa bir təzə sevgi
çıxacaq rastıma
CANAVAR kimi!..
Yavaş-yavaş sevdim səni
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
DÜNYA GÖZƏ DİRƏNƏNDƏ
Dözmək olmur, bıçaq kimi
Dünya gözə dirənəndə.
Yazmaq olmur, söz qələmə,
Qələm sözə dirənəndə.
Bu yol yolların ağırı –
Çəkəmməzsən ayağını,
Üzüb dizdən aşağını
Yoxuş dizə dirənəndə.
Bu yolu hamı tək keçdi,
Kim keçdisə demək keçdi,
Üzməyi öyrənmək gecdi
Yol dənizə dirənəndə…
Tapım səni…
Görünmedin bir kimseye,
Çetin men de tapım seni.
Qanadım yox uçum göye
Göy üzünde tapim seni.
Göye qalxan tüstüdemi,
Bir buludun üstündemi,
Mesçiddemi, kilsedemi, –
Hansı dinde tapım seni ?
Men bu Allahsız ölkede,
Azmışam yolu, belke de ?!
Hansı dalanda, döngede,
Hansi tinde tapim seni ?
Bilmirem necesen, nece ?
Bilmirem, belke, bu gece
Sen idin qapımdan keçen
Tanımadı qapım seni…
Mən küsüb gedirəm
Mən küsüb gedirəm…
Qoy hamı qalsın,
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Gedək biz olmayan yerə
Gəl əl-ələ tutub gedək
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü
Bu köhnəlmiş sözümüzü,
Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
…Atam oğlu, az çapala
Sən deyən çətin tapıla.
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!
İçindən yıxılır adam
Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından –
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…