Şeirlər

Darıxmağa Aid Şeirlər

Darıxmağa aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. statuslar.az olaraq darıxmağa aid bir-birindən gözəl 6 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣Darıxdım (Adilə Nəzər)

Mənə bir nəğmə oxu – darıxdım…
Qurtar məni sıxıntıdan,
dünən getdiyim yoldayam hələ də…
karıxdım…
Keçmişimdən –
bir gənc qızın yetim səsindən,
bir nəğmə oxu –
lap ahəstəsindən…
Mənə bir nəğmə oxu – darıxdım…

Göy üzündən,
dəniz mavisindən,
bu dünyanın soyuğundan, istisindən…
Bu günümdən –
gücsüzlüyümdən,
ümidsizliyimdən sabaha baxdım…
Mənə bir nəğmə oxu – darıxdım…

Od yanır sinəm altında –
qar ol, yağ, bir az üşüt.
Donuram, Günəş ol,
bir az isit…
Bulud oldum,
doldum gözlərinə neçə ildir,
axdım, axdım…
Mənə bir nəğmə oxu – darıxdım…

2️⃣ Bu şəhər sənsiz darıxır..(Nazir Rüstəmov)

Bəlkə, qayıdıb gələsən…
Bu şəhər sənsiz darıxır-
Gəzdiyin bu yol, bu iz,
Bu bağ, bu dəniz darıxır…

Gecə Ay da axmır daha,
Rəngi hər gün bir az solur…
…Göy üzü buludla dolur,
Di gəl sənsiz yağmır daha…

Bəlkə qayıdıb gələsən…
Sənsiz mən də darıxıram,
Hər gün getdiyim küçəni
Səf salıram, karıxıram.

Heç kimlə yola getmirəm,
Sənsizlikdir mənim davam…
Bəlkə qayıdıb gələsən,
Mən də səni təzdən tapam.

3️⃣ Darıxmışam sənin üçün elə bil… (Arzu Hüseyn)

Darıxmışam sənin üçün elə bil,
Baxışımdan can çəkişir pəncərəm.
Bu ürəkdir döyüş meydanı deyil,
Darmadağın edib gedə hər gələn.

Darıxmışam sənin üçün elə bil…
Darıxmışam sənin üçün elə bil,
Möhkəm olur ayrılığın yaddaşı.
Yollarına hönkürən leysan deyil,

Həsrətimin göz yaşıdır, göz yaşı.
Darıxmışam sənin üçün, amma mən
Unutdurdum zənglərimə nömrəni.
Ola bilər köks alanda kədərdən,

Döyəcləyər darıxmağım sinəni.
Ola bilər darıxmağım qəm olar,
Payız olar, xəzəl olar yolunda.
Ola bilər darıxmağım yorular,

Gözü yaşlı yuxulayar qolunda.
Ola bilər olmazları yenərik,
Yolsuzluqda yol açarıq, kim bilir.
Ola bilər ölənədək sevərik,
Ölənədək darıxarıq elə bil…

4️⃣”Darıxmışam” (Təranə Məmmədzadə)

Bu gün xəyalında mən yer almışam
Gözüm yol çəkir, xeyala dalmışam
Baxma ki, uzaqda məskən salmışam
Dostum, sənin üçün çox darıxmışam.

Getmişəm, dumana qarışıb sənsiz
Düşünmə, ürəyim alışıb snsiz
Ağlım da hərdən bir çox çaşır sənsiz
Dostum, sənin üçün çox darıxmışam.

Didir ürəyimi sənin həsrətin
Baxma ki, durmuşam sərt, bir az mətin,
Alışmaq çətindir mənə, çox çətin,
Dostum, sənin üçün çox darıxmışam.

Gülüşün qəlbimə möhürün vurmuş
Ayrılıq gözümdə dağ kimi durmuş,
Gözlər qəhər dolu, biraz da solmuş,
Dostum, sənin üçün çox darıxmışam.

Mən həsrət çayına sənsiz axıram,
Bəzən pəncərəmdən yola baxıram,
Gələr bəlkə deyib özümü sıxıram,
Dostum, sənin üçün çox darıxmışam.

5️⃣Darıxmışam ( Günel Balakişi)

Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar…
Duysan….
Görsən….
Dönərsənmi?!

Elə yorub həyat məni…
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?

Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?

Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam…
Dağılmışam….
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?

Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin…
İndi, hər yeməkdən əvvəl…
Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?

Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir.
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan….
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam….
Yenə məni əvvəlkitək sevərsənmi?

Bizim üçün darıxmışam,
Şeir yazsam gələrsənmi..

6️⃣Sənə (Rəsul Rza )

Sənsizləmiş gecələrdə
sənli gecələr üçün
darıxıram.
Yığın-yığın adam içində
bizə tənhalıq olan
küçələr üçün
darıxıram.
Küsüb-barışdığımız
günlər üçün
darıxıram.
Örpəyinin saçağına
vurduğum düyünlər üçün
darıxıram.
Darıxıram gülüşün üçün,
qəmli gözlərin üçün.
Qaşlarının kölgəsi üçün,
Ümidlərimin
nigaran ölkəsi üçün
darıxıram.
Məktubunu gözləyib,
yollara baxıb
darıxıram.
Verdiyim qərənfillərin ölüsünə
baxıb-baxıb
darıxıram.
Dünən hava sərin idi.
Bu gün yer, göy alışıb yanır.
Könlüm, gözüm,
sükutum, sözüm,
barmaqlarımın başı,
yanağımdakı göz yaşı,
qəlbimin çırpınışı
səni anır.
Ad günüdür bu gecə.
Gedim, necə,
getməyim, necə?
Səninlə hər şey aydın idi.
Hər şey sualsız idi.
İndi hər şey “necəli”,
hər şey “nə sayaqlıdır”,
neçə qərar yanlışdır.
Neçə qərar şübhəli,
neçə qərar haqlıdır,
Elə bil sualların cavabını,
nə varsa,
özünlə aparmısan.
Elə bil bütün cavabların
sualı səndədir, səndə.
Səni axtarıram
durğun havada,
külək əsəndə.
Gecənin aydınlığında,
gündüzün toranlığında
səni axtarıram.
Arzuların işığında,
ümidimin qaranlığında
səni axtarıram.
Səndədir səbrim, dözümüm.
Sənsiz tapa bilmirəm
özüm özümü.
Əzizim, könüldaşım, mehribanım,
qoyma sənsizlik qürbətində
qəm oduna yanım.
Nə mənə yaraşır bu sızıltı,
nə sənə,
gəlsənə.

Oxşar mövzular:

Menali sevgi sozleri
Romantik Sözlər (2021)
Ayriliq sozleri

Bu yazını dəyərləndir

Back to top button