Şeirlər

8 noyabr aid seirler

8 noyabr aid şeirlər saytımızda təqdim olunur. Hər birimizin bildiyi kimi bu tarix Azərbaycanda Zəfər Günü kim qeyd edilir. Ölkəmizdə bu gün təntənəli şəkildə bayram tədbirləri təşkil edilməkdədir. 2020-ci ildə 8 Noyabr tarixində Şuşa işğaldan azad olundu. Əsgərlərimiz misli görülməmiş şüacətlər göstərərək alınmaz qala olan Şuşamızı düşmən tapdağından xilas etdi. 8 Noyabr Zəfər Günümüz mübarək!

EY VƏTƏN OĞLU ŞEİRİ

Müəllif: Bəxtiyar Vahabzadə

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”

Zəfər yolu – Günün şeiri

Asim Yadigar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair )

Soldurub baharını, gətirdik sərt qışını,
Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!

Saldığın Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata arzusu – bu yol Öndər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Onun hər qarışına qarışıb şəhid qanı,
Bu qanlarla qurtardıq qandan Azərbaycanı.
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.
Bu yol qorxu bilməyən hünərvərlər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Bu yolda dəfn eylədim içimdəki qorxunu,
Həqiqətə çevirdim əfsanəni, yuxunu,
Sancdı düşmən köksünə igidlərim oxunu.
Bu yol qəlbə rahatlıq gətirən nər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Yamyaşıl meşələrin nəğməsi necə şirin,
Kölgəsi gün görməyir, kölgəsi necə sərin.
Bu zümrüd meşələrin, bu dərin dərələrin
Hər biri xoş müjdələr verən xəbər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Sıldırım qayaları öpürəm gözlərimlə,
Oxşayıram hər izi, cığırı sözlərimlə,
Öyünür, fəxr edirəm dağımla, düzlərimlə.
Daha bu yol nə həsrət, nə də qəhər yoludur,
Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur!

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,
Ey qəhrəman qazilər, sizə hər an can qurban.
Bu yolda şəhidləri unutmadım bircə an.
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları,
Oxudum qayalarda siz yazan nağılları!
Dağa qalxan maşınlar, sanki durna qatarı
Qalxır Şuşaya sarı, qala-şəhər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ədalətinə şükür, ey qoca, gidi dünya,
Mən Cıdır düzündəyəm – nə yuxudur, nə röya.
Burdan – Cıdır düzündən səslənərək dünyaya
Deyirəm: – Bu qələbə, zəfər, bu ər yoludur,
Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur

AZƏRBAYCAN – YURDUM MƏNIM! ŞEİRİ

Müəllif: Məmməd Araz.

Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan – yurdum mənim!

Qartalları od qanadlı,
Oğulları şimşək atlı,
Ana Vətən kainatdı
Azərbaycan – yurdum mənim!

Dostdan uca zirvə varmı?
Sözdən şirin meyvə varmı?
Bundan gözəl töhfə varmı?
Azərbaycan – yurdum mənim!

27 Senyabr Azərbaycan üçün yeni bir səhifənin başlanğıcı oldu. Ermənilər tərəfindən törədilən təxribatların qarşınısını almaq üçün Azərbaycan cavab həmlələrinə başladı. Beləliklə, zəfər tariximiz yazılmağa başladı.

8 Noyabr

8-i Noyabr Şuşa günüdü
təqvimdə düzəliş.
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.

8-i Noyabr
duaların qəbul olunduğu,
Tanrı lütfünün yerə endiyi gün,
Şəhid ruhlarının
bayraqlıq parçadan
bayram paltarı geyindiyi gün.

8-i Noyabr
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,ya inandığım!

AZƏRBAYCAN YAŞAYIR

Müəllif: Rafiq Yusifoğlu.

Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.
Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.
Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.
Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.

Sənə Zəfər yaraşır

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!

Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.

İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!

Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

“QARABAĞDA” ŞEIRI

Müəllif: Hikmət Ziya.

Qarabağ təbiətin sərvətidir, varıdır,
Azərbaycan yurdunun solmayan gülzarıdır.
Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…
Başqa ətirlə açır qönçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.
Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır,
Hər daşını görənlər dirçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan,
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan.
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Neçə səslər yetirib bu yerlərin havası!..
Doymursan dinləməkdən neçə təzə avazı,
Qulaqdan getmir bu an xoş musiqi sədası.
Bülbültək ötür, hətta sərçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Burda hər kəs qonağa hörmətini bol eylər,
Şirin sözü, ləhcəsi ürəklərə yol eylər,
Dünya gözəllərini qamətilə lal eylər
Beli üzükdən keçən incələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var,
Yetişibdir gör necə incilər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı,
Saflıq çeşmələridir Turşsu, İsa bulağı…
Havası qocanı da gənc edər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Gözlərinə ağ gələr bu yerdən pay umanın,
Yolunda qurban verər hər bir övladı canın.
Döyünən ürəyidir doğma Azərbaycanın.
Gündüzlər Qarabağda, gecələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

YAŞA, VƏTƏNİM YAŞA!

Mübariz Hüseyn Borçalı

Tarix yazan övladın,
Yurdu, ucalar başa.
Dillərə düşüb adın
Yaşa, vətənim yaşa!

Hər oğulun igid, ər
Yağı üstə coşandı.
Göstərib mərdlik, hünər
Zirvələri aşandı.

Məğlub olub gedəcək,
Alıb, yara dərini.
Zaman rüsvay edəcək
Körpə qatillərini.

Dinc əhalini vurmaq,
Hərbçilərə yaraşmaz.
Məqamdır cavab sormaq
Kin, qəddarla barışmaz.

Güləcək el növrağı
Zəfərdən pay dərəndə.
Dalğalanan bayrağı
Təbəssümlü görəndə.

EY VƏTƏN ŞEİRİ

Müəllif: Süleyman Rüstəm

Ey vətən! Torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi.
Könüldən mahnılar qoşmuşam sənə,
Çevirib bayrağa məhəbbətimi.

Gözümü dünyada açanda ilkin
Anamı görmüşəm, səni görmüşəm.
Əhdinə vəfalı bir oğul təkin
Döyünən qəlbimi sənə vermişəm.

Şöhrətim ey vətən, şanım ey vətən
Sən mənim adımı ellərə yaydın.
Ürəyim ey vətən, canım ey vətən
Mən şair olmazdım, sən olmasaydın.

TARİX YAZIR O YERDƏ

Mübariz Hüseyn Borçalı

Qələbə müjdəsiylə
Üzü gülür yurdumun.
Vur deyib, gur səsiylə
İgid oğlu ordumun
Tarix yazır, o yerdə.

Zəfərə doğru gedir,
Tutub haqqa üzünü.
Xalq üstündən yox edir,
“Qaçqın”, “köçkün” sözünü
Tarix yazır o yerdə.

Tarixdən iki alıb,
Məktəbdə fikir edən,
Zamanı lərzə salıb
Olubdur öndə gedən
Tarix yazır, o yerdə.

Xocalı qətliyamın
Alacaqdır öcünü.
Yağı görür əyyamın
Azərbaycan gücünü
Tarix yazır, o yerdə.

Odur nur saçan, ancaq
Zülmət gecə, sübh danı.
İnamım var, qoyacaq
Qələbəyə NİDANI!!!
Tarix yazır, o yerdə.

Bu gün bizim doğma Şuşamıza qovuşduğumuz gündür. Bu günü bizə bəxş edən, bu sevinci bizə yaşadan bütün hərbiçilərimizə, əsgərlərimizə, Cənab Prezidentimizə dərin minnetdarlığımızı bildiririk. Zəfər Günün mübarək doğma Azərbaycanım!

4.5/5 - (2 votes)

Back to top button